Naxçıvan Müəllimlər İnstitutunda 2 Fevral-Gənclər Günü ilə bağlı tədbir keçirilib.

 

Professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə rektor Azad Novruzov bildirib ki, 2 fevral tarixinin Gənclər Günü kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır; Məhz onun hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.

 

A.Novruzov  qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss ediblər:”1996-cı ilin 2 fevral tarixində Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi. 1997-ci ildən isə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlandı. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb”.

 

Rektor Naxçıvanda da gənclərin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşdığını vurğulayıb:”Naxçıvan Müəllimlər İnstitutunun tələbələri də ölkəmizin digər gəncləri kimi öz tarixinə, dövlətçiliyinə, milli-mənəvi dəyərlərinə sadiq ruhda tərbiyə olunur və daim inkişaf edirlər”.

 

Sonra institutun Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Elmi Cəmiyyəti sədrlərinin çıxışları dinlənilib.

 

2020-ci ildəki fəaliyyətlərinə görə fərqlənən bir qrup gənc müəllim və tələbə diplom və fəxri fərmanla təltif olunub.