Təhsil naziri Emin Əmrullayev ictimaiyyəti maraqlandıran çoxsaylı suallara aydınlıq gətirib
Yanvarın 30-da Təhsil naziri Emin Əmrullayev rəsmi “Facebook” səhifəsi üzərindən “Pandemiya dövründə təhsil” mövzusunda təhsil ictimaiyyətini maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Təhsil ictimaiyyətinin böyük marağına səbəb olan bu format təhsil sahəsinin bugünkü reallıqlar zəminində cəmiyyətimiz üçün nə qədər əhəmiyyət daşıdığını bir daha əyani nümayiş etdirdi. Pandemiya dövrünün təhsil sistemimiz üçün yaratdığı çoxsaylı problemlər, onların həlli yolları və üzə çıxardığı yeni imkanlar - məktəblərin açılması, qiymətləndirmələr, sertifikasiya, təhsil haqları, müəllimlərin işə qəbulu, yerlərdə tədrisin təşkili xüsusiyyətləri və s. kimi çoxsaylı suallara cavab axtarıldı.
Məktəblərin yenidən açılması məsələsinə toxunan Təhsil naziri qeyd edib ki, fevralın 15-ə qədər ənənəvi təhsilə qismən də olsa, qayıtmağa çalışılır. Nazir bildirib ki, dövlət və özəl olmasından asılı olmayaraq, təhsil eyni qaydada təşkil edilir: “Bölgələrdə siniflərdə 1.5 metr məsafə qorunmaqla, bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili həftədə 5 gün formatına qaytarırıq. Daha sonra növbəti həftədəki dinamikadan asılı olaraq çalışacağıq ki, qısa zamanda - fevralın 15-ə qədər məktəblər ənənəvi təhsilə qismən də olsa, qaytarılsın”.
Nazir bağçaların açılması ilə bağlı suallara cavabında qeyd edib ki, bağçaların fevralın 15-ə qədər açılacağına ümidlər var:”Bağçaların birinci mərhələdə açılmamasının səbəbi odur ki, bu barədə qərar verəndə yoluxma sayı hələ yuxarı idi. Saylarda azalmalar var. Yəqin növbəti iş həftəsində müəyyən qərarlar verilə bilər”.
Təhsil naziri ibtidai siniflərdə tədrisin bərpasından sonrakı mərhələdə, növbəti həftə ərzində dərslərin başlaması ilə bağlı açıqlamalar olacağını bildirib. İlkin hesablamalara görə, bölgələrdə fevralın 1-də 2000-dən artıq məktəbdə ibtidai təhsildə dərslər başlayacaq: “Bunlar kiçik məktəblərdir, şagirdlərimizin az qismi orada oxuyur, amma əyani təhsilə ayın 1-dən başlamış olacaqlar”.
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə pandemiya şəraitində yer probleminin olmadığını bildirib: “Müəyyən mənada uşaqların 5 gün ərzində dərsə gəlməsini təmin etmək olar. Bəzi hallarda isə xüsusilə, Abşeron rayonunun Xırdalan qəsəbəsində, Masazırda, Bakının ətraf kənd və qəsəbələrində kifayət qədər sıx məktəblər var ki, bu məktəblərdə şagird həddindən çoxdur. Belə məktəblərdə məcbur qalıb təhsili 6 günə keçirə bilirik. Çünki sıxlıq imkan vermir, 5 gün edək. Düzdür, yalnız ibtidai təhsil alanlar məktəbə gələndə, sıxlıq o qədər də böyük olmur. Amma V-IX siniflər məktəbə qayıtdıqdan sonra sıxlıq olacaq. Operativ
Qərargahdan olan həmkarlarımızla birgə müzakirə aparıb, qərar verəcəyik. Yaxın günlərdə valideynlər bununla bağlı məlumat alacaqlar. Düşünürük ki, bir həftə əvvəl övladlarının dərsə getməsi ilə bağlı məlumatlı olmalıdırlar. Növbəti həftə bununla bağlı açıqlamalar veriləcək”.
Emin Əmrullayev əlavə edib ki, fevralın 1-dən övladlarının ənənəvi təhsilə qayıtmasını istəməyən valideynlər qərarı özləri verəcək; Bununla əlaqədar valideyn övladının təhsil aldığı məktəbə müraciət edərək iltizam imzalamalıdır.
Təhsil işçiləri isə Emin Əmrullayevə sertifikasiya ilə bağlı suallar ünvanlayıb. Nazir qeyd edib ki, böyük ehtimalla pandemiya dövründə sertifikasiya olmayacaq: “Sertifikasiyanın keçirilməsini istəyirik və düşünürük, amma yaxın 6 ay ərzində yox. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək”.
Təhsil naziri Vətən Müharibəsində şəhid olanların yaxın qohumlarının təhsil haqqının ödənildiyini də deyib. Bildirib ki, 35 nəfər şəhid ailəsi üzvü təhsil haqqının ödənilməsi ilə bağlı müraciət edib, onların müraciətləri müsbət cavablandırılıb.
Emin Əmrullayev şagirdlərin biliklərinin qiymətləndirilməsi məsələsinə də toxunub. Qeyd edib ki, növbəti tədris ilində qiymətləndirmələrlə bağlı dəyişikliklər ola bilər: “Təbii ki, qiymətləndirmənin dürüst olması pedaqoji fəaliyyətin, təhsilin ən vacib prinsiplərindən biridir. Valideyn, müəllim və şagird tərəfdən dürüstlük prinsipial amildir. İnanıram ki, bunu hamı başa düşür. Pandemiya şəraitində şagirdə kömək etmək, qiymətini bir qədər yuxarı qaldırmaq onun ümumi gələcək həyatını, rifahını dəyişmir. İstərdim ki, bunu edən şəxslər - şagird, müəllim, həm də valideynlər məsələyə mənəvi tərəfdən baxsınlar. Bu, öz-özünü aldatmaqdır. Növbəti tədris ilindən qiymətləndirmələrlə bağlı hansısa dəyişikliklərə getməyin mümkün olduğunu düşünürəm”.
Təhsil naziri onu da vurğulayıb ki, distant təhsilin qanunvericilik normaları müəyyən oluna bilər. Belə ki, hazırda “Ali təhsil haqqında” qanun layihəsi üzrə müzakirələr aparılır. Bu müzakirələr zamanı distant təhsil də diqqətdə saxlanılır:
“Ümid edirəm ki, həmin qanunda biz distant təhsilin qanunvericilik normalarını müəyyən edə bilərik. Bu, gələcəkdə distant təhsilin kütləviliyini təmin etmək istiqamətində ən vacib alətlərdən biri olacaq. İnanıram ki, texnologiyaların inkişafı təhsilin inkişafı, əlçatanlılığı ilə yekunlaşacaq”.
Tam əminliklə bildirmək olar ki, təhsil ictimaiyyəti bu tədbirdə pandemiya dövrünün təhsildə yaratdığı bir çox sualların cavabını ala bildi. İctimai fikrə hesablanmış bu gözəl təşəbbüs həm sualların rəngarəngliyi, həm də aktuallığı ilə geniş auditoriya qazandı.
Oruc MUSTAFAYEV