Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə II Qarabağ müharibəsinin iştirakçısı Həsən Abdullayev və qazi Orxan İbrahimli ilə onlayn görüş keçirilib.

 

Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində şücaət göstərmiş iştirakçı və qaziləri uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

 

Tədbirdə Vətən müharibəsi iştirakçıları ilə yanaşı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyi, pedaqoji heyəti və dərnək üzvləri də iştirak edib.

 

Qeyd edilib ki, hər iki müharibə iştirakçısı vaxtilə sözügedən mərkəzin yetirmələri olub. Belə ki, Həsən Abdullayev mərkəzin “Çiçəyim" uşaq teatrının, qazi Orxan İbrahimli isə 7 il milli rəqs dərnəyinin üzvü olub.

 

İştirakçılar müharibədə yadda qalan hadisələrdən bəhs ediblər, dərnək üzvlərini maraqlandıran sualları cavablandırıblar.

 

Görüş zamanı “Çiçəyim” uşaq teatrının üzvləri tərəfindən “Mənim qəhrəmanın” aksiyası çərçivəsində hazırlanmış videoçarxlar,  hər iki iştirakçıya həsr edilmiş videolar nümayiş olunub.