Qubada 58 məktəbdə 1110 şagirdlə tam ənənəvi tədrisin bərpası mümkün ola bilər.

 

Rayon təhsil şöbəsinin müdiri Rüfət Hacıyevin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, rayonda 12624 şagird ibtidai sinifdə oxuyur.  Onlardan 1110 nəfərinin tam əyani formada təhsilə cəlb olunması mümkündür: “Quba rayonunda 135 ümumi təhsil və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumi təhsil müəssisələrindən yalnız 58-də 4 və ya 5  gün olmaqla əyani tədris bərpa edilə bilər. Həmin məktəblər rayonun şagird kontingenti nisbətən az olan məktəbləridir”.

 

R.Hacıyevin sözlərinə görə, fevral ayının 1-dən başlayaraq 58 məktəb üzrə 2336 şagird mərhələli şəkildə əyani tədrisə cəlb ediləcək: “Fevralın 1-dən  12624 şagirdin 1110 nəfəri tam olaraq əyani şəkildə təhsilə cəlb oluna bilər”.

 

Şagird kontingenti az olan 58 məktəbdə növbəti həftələrdə 1009 nəfər V-IX sinif, 171 nəfər  X-XI sinif şagirdinin əyani tədrisə cəlb ediləcəyini vurğulayan şöbə müdirinin sözlərinə görə, hər gün  məktəbə gələcək şagirdlər arasında 46 nəfər məktəbəhazırlıq qrupunda oxuyan uşaq da olacaq.

 

R.Hacıyev məktəblərin şagirdlərin gəlişinə hazırlığından da danışıb: “Məktəbin açılmasına hazırlıq işləri tamamlanıb. Dezinfeksiya işləri yekunlaşmaq üzrədir. Həftənin sonuna qədər son işlər də bitəcək. İstiliklə bağlı rayonumuzda hər hansı problem yoxdur. 135 məktəbdən 72-si odunla, 22-si təbii qazla, 21-i dizel yanacağı, 22-si isə elektrik enerjisi ilə qızdırılır. Hazırda regional qaz idarəsi tərəfindən məktəblərə qazın verilməsi təmin edilir”.   

 

Ruhiyyə