İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

 

Akademiyanın prezidenti, akademik Akif Əlizadə Ümumi yığıncağı giriş sözü ilə açaraq gündəlikdə AMEA Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatın müzakirəsi, “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın, akademiyanın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatlarının təqdimatı, AMEA-nın prezidentinin və Rəyasət Heyətinin yeni tərkibinin seçilməsinin nəzərdə tutulduğunu bildirib. Yığıncağın gündəliyi təsdiq olunduqdan sonra Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Akademik Akif Əlizadə AMEA-nın 2017-ci il və son beş ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib.

 

Ötən ilin mühüm elmi nailiyyətlərlə və uğurlarla yadda qaldığını söyləyən akademik son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirib. "Son beş ildə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb". Akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşmasının əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğunu deyən A.Əlizadə qeyd edib ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatını ödəmək məqsədilə ölkə rəhbərliyinin dəstəyi sayəsində

 

AMEA-da magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir. A.Əlizadə son beş ildə tətbiqi tədqiqatların səmərəliliyinin mühüm dərəcədə artdığını bildirərək AMEA-nın uğurlarının "Web of Scince", "Scopus", "Google" kimi elmi bazalar üzrə statistik göstəricilərin dayanıqlı yüksəlmə meyilləri ilə bağlı olduğuniu diqqətə çatdırıb.

 

AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev tədbir iştirakçılarının hesabatla bağlı suallarını cavablandırıb

 

Daha sonra çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov bildirib ki, Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasıdır. "Təsadüfi deyildir ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi əsas hədəflərdən biri kimi nəzərdə tutulmuşdur ki, bu da elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılmasına diqqətin artırılmasını zəruri etmişdir".

 

Nazir qeyd edib ki, elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics ("Thomson Reuters") şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə, 75% artım müşahidə olunmuş, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68% artım qeydə alınmışdır. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxmışdır. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınmış, ilkin təhlillərə əsasən 1118 elmi tədqiqat işinin, təxminən, 43%-i ali təhsil müəssisələrinin payına düşmüşdür. C.Bayramov Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və dərs vəsaiti, 10 mindən çox elmi məqalə və məruzə nəşr olunduğunu bildirib. Nazir qeyd edib ki, AMEA-da magistraturanın yaradılması elm və təhsilin inteqrasiyası, eləcə də AMEA və Təhsil Nazirliyi arasında əməkdaşlıq üçün geniş platforma yaratmışdır. "Əminik ki, ölkə Prezidentinin bu tarixi qərarı Azərbaycanda elm və təhsilin tərəqqisinə, intellektual potensialın artırılmasına və insan kapitalının inkişafına güclü təkan verəcəkdir".

 

Sonra “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”, AMEA-nın Azərbaycanın görkəmli alim və mütəfəkkirlərinin adına təsis etdiyi adlı mükafatların sahiblərinə təqdim olunma mərasimi keçirilib. Azərbaycanda neft sənayesinin inkişafındakı böyük xidmətlərinə görə AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə, Azərbaycanda kosmik texnologiyaların inkişafındakı böyük xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif ediliblər. Akademik Bahadır Tağıyevə AMEA-nın Nəsirəddin Tusi, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov AMEA-nın Həsən bəy Zərdabi, akademik Abel Məhərrəmov AMEA-nın akademik Yusif Məmmədəliyev, geologiya-mineralogiya üzrə elmlər doktoru Adil Əliyevə AMEA-nın akademik Musa Əliyev,  Azərbaycan və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinə görə akademik Nailə Vəlixanlıya AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatları verilib. AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatına isə orijinal üslubu və elmi əsaslı təkraredilməz yaradıcılığı ilə müasir Azərbaycan rəngkarlıq məktəbini dünya səviyyəsində tanıtdığına görə xalq rəssamı Tahir Salahov layiq görülüb.

 

Fasilədən sonra yığıncaq işini davam etdirib. Ümumi yığıncaqda AMEA-nın prezidenti vəzifəsinə və AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçirilib. Akademik Akif Əlizadə yenidən AMEA-nın prezidenti seçilib.

 

Akademik Nərgiz Paşayeva, akademik İradə Hüseynova AMEA-nın yeni vitse-prezidentləri seçiliblər. Seçkinin nəticələrinə görə akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm Tağıyev yenidən AMEA-nın vitse-prezidentləri seçiliblər. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə vitse-prezident vəzifəsini icra edən seçilib. Bundan başqa, səsvermə nəticəsində akademiklər Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibləri seçiliblər.

 

Oruc MUSTAFAYEV