Quba şəhər 7 saylı tam orta məktəbinin fiziki tərbiyə müəllimi Müşfiq Rəsulov tərəfindən icra edilən “Sağlam gələcək naminə yarışaq” layihəsi çərçivəsində Quba rayonu ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri arasında təlim və bilik yarışlarına  start verilib.

 

Təlimlərdə məktəblilərin idmana cəlbi ilə sağlam həyat tərzinə təşviq edilməsi, sağlam həyat tərzi ilə bağlı biliklərinin artırılması, məktəbli qızlar arasında idmanın təbliği nəzərdə tutulur.

 

İlk tədbir günündə çıxış edən layihə rəhbəri Müşfiq Rəsulov qeyd edib ki, layihədə iştirak üçün 86 şagird qeydiyyatdan keçib. Təlimlər və yarışlar  5-6, 7-8 və 9-11-ci siniflər üzrə olmaqla 3 qrupda təşkil olunacaq. Hər bir qrupda ilk öncə şagirdlərə yüngül atletika, basketbol  və voleybol üzrə maarifləndirmə təlimləri keçiriləcək, daha sonra onlar arasında idman mövzusunda bilik yarışları təşkil olunacaq. Hər sinif üzrə qaliblər  ayrı-ayrılıqda diplom və medallarla təltif ediləcək.

 

Rəsmi hissədən sonra 5-6-ci sinif şagirdlərinin iştirakı ilə təlimlər başlayıb. Təlimlərə Quba şəhər 1 və 7 saylı tam orta məktəblərində,  2 saylı məktəb-liseydə, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alan, ümumilikdə 15  şagird qatılıb.

 

Tədbirin ikinci günündə isə şagirdlər arasında idman mövzusunda bilik yarışı keçirilib. Yarışda şagirdlərə distant formada fiziki tərbiyə, idman növləri, Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarına dair 30 sualdan ibarət test nümunələri təqdim edilib. 30 dəqiqə ərzində onlayn şəkildə cavablandırılan testlərin nəticələrinə əsasən, qalib və mükafatçılar müəyyən edilib.

 

5-ci siniflərin yarışında Quba şəhər 2 saylı məktəb-liseyin şagirdi Amin Mustafayev 19 balla birinci, Quba şəhər 1 saylı tam orta məktəbin şagirdi Ayşənur Mahmudova 18 balla ikinci, Quba şəhər 2 saylı məktəb-liseyin şagirdi Nuran Abdulov isə 17 balla üçüncü yeri tutub.

 

6-cı sinif şagirdlərinin mübarizəsində isə Quba şəhər Fizika, Riyaziyyat və İnformatika  Təmayüllü Liseyin şagirdi Nihat Həsənov 22 balla birinci, Quba şəhər 7 saylı tam orta məktəbinin şagirdi Əziz Əzizov 21 balla ikinci, eyni məktəbin şagirdi Günay Cəlilova isə 20 balla üçüncü yeri tutub.

 

Layihə 15 mart 2021-ci ilə qədər davam edəcək.

 

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateroqiya üzrə qalibidir.