Nazir: “Vəzifəmiz tələsik açılışa gedib və tələsik bağlanışa getməməkdir"


Fevralın  1-dən sonrakı iki həftə ərzində 5-9-cu siniflərdə də təhsil bərpa edilə bilər.

 

Bu haqda  Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

“Fevralın 1-dən ibtidai sinif şagirdləri ilə başlayan məktəbə qayıdış prosesi kifayət qədər ehtiyatla həyata keçiriləcək. Belə ki, indiki mərhələdə dərslərin həftədə 3 dəfə bərpası zərurətdən irəli gəlir. Odur ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq. İri şəhərlərdə tədris həftədə 3 dəfə, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa ediləcək".

 

Təhsil naziri şagird sıxlığı olan məktəblərdə yarana biləcək problemlərə də diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanda 311 sinifdə, başqa sözlə siniflərin 0.4 faizində şagird sayı 40-dan çoxdur:  “Bu siniflər bizim üçün tədrisin bərpası ilə bağlı problem yarada bilər”.

 

Nazir deyib ki, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı evdə təhsil məsələsinə də fərdi qaydada baxılır: “Xüsusi təhsil müəssisələrinin fəaliyyətinin bərpası çox ciddi sanitar qaydalara əmək edilməklə mümkündür. Burada sıxlıq olmadığı üçün problem yoxdur”.

 

E.Əmrullayev  "Əsas vəzifəmiz tələsik açılışa gedib və tələsik bağlanışa getməməkdir", deyə xüsusi vurğulayıb.

 

Brifinqdə o da bildirilib ki,  dərslər bərpa olunsa da, fiziki tərbiyə dərsləri müvəqqəti olaraq dayandırılacaq. Həmin dərslərdə sıxlıq ehtimalı nəzərə alınaraq nazirlik tövsiyə edir ki, bu cür dərslərin əyani tədrisi dayandırılsın.

 

Ruhiyyə