Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib.

 

Brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev 1 fevral tarixindən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacağını diqqətə çatdırıb. Nazir bildirib ki, qeyd edilən tarixdən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.

 

Ali və orta ixtisas təhsili, eləcə də peşə təhsili müəssisələrində təhsilin təşkilinə toxunan təhsil naziri deyib ki, tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində məsafədən təhsil formasında davam etdiriləcək. Müəyyən bir tarixdən sonra isə praktik məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi qaydada təşkil edilə bilər.

 

Təhsil naziri qeyd edib ki, əyani tədris forması təşkil edilən təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

 

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.