Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin qış imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

Tələbə və magistrantlarla  görüşən rektor Şahin Bayramov mövcud şəraitdə təhsilalanlarla çevik onlayn kommunikasiya vasitələrindən biri kimi “Açıq qapı” günlərinin hər həftə keçirildiyini diqqətə çatdırıb,  əsas məqsədin tələbələrin istəkləri, problemləri və təkliflərini öyrənmək, onlara müvafiq qaydada dəstək göstərmək olduğunu qeyd edib.

 

Sessiyanın ilk həftəsinin uğurlu statistikasından bəhs edən Ş.Bayramov imtahanlarda aktivlik və müvəffəqiyyət göstəricilərinin ürəkaçan səviyyədə olduğunu, nəzərdə tutulan bütün imtahanların baş tutduğunu bildirib.

 

MDU-da onlayn imtahan sessiyasının obyektivlik, şəffaflıq və ədalətlilik prinsipləri əsasında təşkilində yüksək əməyi olan professor-müəllim, inzibati və texniki heyət üzvlərinə, könüllü tələbələrə təşəkkürünü bildirən rektor aralıq qiymətləndirmə, apelyasiya müraciətləri və digər məsələlərdən danışıb.

 

Daha sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sualları cavablandırılıb.