Əli  Eyyubov  musiqiçi ailəsində dünyaya  göz açıb. 2007-ci ildə  Bakıda anadan  olsa da  2013-cü ildən   valideynləri  ilə birlikdə Türkiyədə  yaşayır.

 

Özünün  dediyi  kimi, musiqiyə, xüsusilə klarnet ifaçılığı sənətinə   marağı   onda  özü də  mahir bir musiqi ifaçısı olan, Bakı Musiqi Akademiyasında ali təhsilə yiyələnən   atası İlqar Eyyubov    yaradıb. Əli  qələm tutandan və musiqi duyumu yaranandan    Əli müxtəlif musiqi  alətlərində ifa  etməyə  səy göstərib. Ən  çox  xoşladığı musiqi aləti isə  məhz  klarnet   olub.

 

Əli  birinci  sinfə Türkiyənin Ədirnə  şəhərində Vali Fahri Yücel  adına orta məktəbdə  gedib. İbtidai  sinfi bitirdikdən sonra  o, Adanada Çukurova Universiteti  Dövlət Konservatoriyasının orta məktəbinin nəfəsli alətlər şöbəsinin klarnet sinfinə daxil olub. Hazırda atasının  Konservatoriyada  müəllim işlədiyi sinifdə   tədris  etdiyi klarnet ixtisasından  dərs  alır. Beynəlxalq müsabiqələr  qalibi olan Əli  dəfələrlə  musiqi  yarışmalarına  qatılaraq birincilik qazanıb. 2020-ci il  15-25  noyabr     tarixlərində   Rusiya Bəstəkarlar İttifaqının təşkil etdiyi beynəlxalq müsabiqədə  Qran-pri  mükafatına layiq  görülüb.

 

Klarnet ifaçılığı bacarıq tələb edir

 

Ona göstətilən etimadı doğruldacağına əmin olduğunu söyləyən Əli gələcəkdə məşhur klarnet ifaçısı olacağına da hədəf seçib. Deyir  ki,  klarnet ifaçılığı  əslində nəfəs alətləri  sırasında  ən çətin olan, notlarla üfürülən havanın ahəngini  düzgün müəyyənləşdirmək üçün bacarıq tələb edən ən mürəkkəb bir musiqi növüdür. Amma mən  onun öhdəsindən gəldim və bacardım. Səylə çalışacağam ki,  klarnet ifaçılığı sahəsində uğurlarım bol olsun və ancaq nailiyyətlərə imza atım.

 

Əlinin qardaşı Mehdi də mahir ifaçıdır

 

Yeri gəlmişkən, qeyd  edək ki, Əlinin böyük  qardaşı  Mehdi də klarnet ifaçısı olaraq bir çox  beynəlxalq  müsabiqə və festivallara qatılaraq birincilik  qazanıb. İstedadlı yeniyetmə klarnet ifaçısı olan Əlinin gələcəkdə milli musiqi tariximizdə öz imzası ilə tanınacağına  və məşhur klarnetçi kimi   seviləcəyinə  ümid bəsləyirik.

 

Sifai  SƏFƏROVA