AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün Akademik İsmayıl Hacıyev - 70 mövzusunda onlayn açıq dərs keçirilib.

 

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli əvvəlcə akademik İsmayıl Hacıyevin 70 illik ömür yolu haqqında şagirdlərə məlumat verib. Bildirib ki, vətənini, millətini sevən İ. Hacıyev Azərbaycan tarix elminin zənginləşdirilməsi, gələcək nəsillərin tarixi köklərimiz, dövlətçilik ənənələrimiz haqqında məlumatlı olması üçün ömrünün böyük bir hissəsini elmi tədqiqatlara sərf edib. Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanın dövlətçilik ənənələrinin araşdırılmasında, müstəqilliyimizin bərpasından sonra Naxçıvanda əldə edilən irəliləyişlərin elmi nöqteyi-nəzərdən təhlilində akademikin böyük xidmətləri olub.

 

Açıq dərsdə bədnam qonşularımızın Naxçıvana qarşı irəli sürdüyü əsassız ərazi iddialarının bu gün də davam etdiyini diqqətə çatdıran alim söyləyib ki, İ.Hacıyevin tarixboyu Naxçıvanda mövcud olmuş dövlətçilik ənənələrini dəqiq və sistemli şəkildə təhlil etməsi, tədqiqatların nəticələrinin müxtəlif əsərlərdə əks olunması həmin saxta iddiaların dəf edilməsində tutarlı əsasdır.

 

İ.Hacıyevin müəllimlikdən akademikliyə qədər keçdiyi elmi yoldan danışan  professor qeyd edib ki, insan elmin gücü ilə bütün hədəflərə çatmağa qadirdir.