Gəncə Dövlət Universitetində (GDU) ”Nizami Gəncəvi ili” adlı onlayn tədbir keçirilib.
Tədbirdə millət vəkili, universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilməsini müsbət qiymətləndirib.
Bildirib ki, Ulu öndər Heydər Əliyevlə başlayan ənənələr Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir:”2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunan Şuşanın isə “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi və dövlət başçısının öz çıxışlarında milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir”.
“Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb”-deyən P.Kərimzadə 2021-ci ildə 880 illiyi tamam olan şair, mütəfəkkir Nizami Gəncəvinin qüdrətli söz, fikir ustadı kimi insanları daim əxlaqi kamilliyə çağırdığını və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığı ilə bəşər mədəniyyətinə töhfələr verdiyini vurğulayıb.
Millət vəkili Müşfiq Cəfərov bildirib ki, XII əsrdə yaşayıb-yaratmış böyük Nizami özündən sonra nəinki zəngin ədəbi irs, həmçinin elmin müxtəlif sahələrini əhatə edən külli miqdarda tədqiqat materialı qoyub gedib:”İlk baxışda adama elə gəlir ki, ekologiya və ekoloji problem anlayışı son dövrün məhsuludur və orta əsərlərdə, xüsusən Nizaminin yaşadığı illərdə mövcud ola bilməzdi. Doğrudan da, hələ kimya elminin kifayət qədər inkişaf etmədiyi, texnikanın mövcud olmadığı bir zamanda - ətraf mühiti çirkləndirən mənbələr yox ikən, hansı ekoloji problemlərdən danışmağa dəyərdi? Lakin maraqlıdır ki, bu gün bəşəriyyətin üzləşdiyi ekoloji təhlükəsizlik probleminə Nizaminin əsərlərində geniş toxunulur, onun həlli yolları araşdırılır. Qəzəl və qəsidələrindən tutmuş, “Xəmsə”yədək bütün əsərlərində ətraf mühit problemləri ilə qarşılaşırıq”.
Universitetin professorları- Xəlil Yusifli, Mübariz Yusifov və Yadigar Əliyev qeyd ediblər ki, Nizami yaradıcılığa lirik şeirlərlə başlasa da, böyük divan yaradıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənib. Vurğulanıb ki, Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Tədbir Nizamişünas alimlərin şairin əsərlərinə dair maraqlı fikirləri ilə davam edib.