Şagirdlərimizin mənəvi dünyasını zənginləşdirmək, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri onlara düzgün çatdırmaq hər bir müəllimin müqəddəs borcudur. Biz  bu günümüzü gözəlləşdirən, həmişə fəxr etdiyimiz müqəddəs milli-mənəvi və əxlaqi dəyərlərimizi, qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi şagirdlərimizə sevdirməliyik.

 

Vətən, ata-ana, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlərimiz, unudulmaz inanclarımız, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin əsasıdır. Keçmişimiz, tariximiz bu günə ibrət dərsləridir.

 

Biz müəllimlər, təbliğat-təşviqat imkanları olan radio-televiziya, kütləvi informasiya vasitələri ilə birlikdə mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərində fəal olmalıyıq. Şagirdlərimizi düzgün istiqamətlərə yönəltmək, mənəvi tərbiyə aşılamaq  müəllimlərin  imkanlarını, təsir gücünü artırmağa zəmin yaradır.

 

Bu baxımdan kütləvi informasiya vasitələrinin, televiziya-radionun, eləcə də Azərbaycan bədii filmlərinin təsir dairəsi və tərbiyəvi rolu böyükdür. Gəlin araşdıraq, şagirdlərimizin bu barədə maraq dairəsi necədir?  Bəzi şagirdlərin keçmişimizə, tariximizə olan soyuq münasibətini gördükdə  səbəbini axtarmağa çalışıram. Özümün orta məktəbdə oxuduğum illərə nəzər salıram... Əvvəllər biz şagirdlər dərslərimizi oxuduqdan sonra qalan boş vaxtlarımızı bədii kitab oxumağa, maraqlı Azərbaycan filmlərinə baxmağa sərf  edirdik. Ona görə də məktəbdə hansı mövzu ilə bağlı olursa-olsun inşa yazı yazmaqda çətinlik çəkmirdik. Müəllimlərimizin verdiyi mövzuya aid cümlə qurarkən fəxrlə oxuduğumuz bədii kitablardan nümunələr, baxdığımız Azərbaycan bədii filmlərindən sitatlar çəkərdik. İndiki şagirdlərimizin əksəriyyəti isə xarici filmlərə, seriallara daha çox baxır, milli dəyərlərimiz sayılan Azərbaycanın tarixi filmlərindən heç  xəbərləri də yoxdur, bədii əsərlər ya heç oxumurlar, ya da çox az oxuyurlar.

 

Əsrimiz kompüter əsridir. Bəli, bunun müsbət tərəfləri çoxdur.  Lakin test tapşırıqlarının üstünlüyü, hər bir mövzunun internetdən hazır istifadəsi şagirdlərdə nitq qabiliyyətini, yazı vərdişlərini azaldır. Necə deyərlər, bədii cümlələr qurmaq üçün “söz kasaları” boşdur. Söz isə sərkərdədir, insan ordusunu idarə  edir. Xoş niyyətlə deyilmiş söz insanları xeyirxahlığa, humanizmə, Vətən, ata-ana sevgisinə, haqq - ədalətə tapınmağa, insana xas gözəlliklərə səsləyir. Sözün qədrini və qədərini qiymətləndirən ata-babalarımız öz müdrik məsləhətləri ilə insanlara doğru yol göstərər, gəncləri həyatda mərd yaşamağa ruhlandırardılar. Əksər Azərbaycan filmlərimizə baxarkən bunların şahidi olmuşuq. Şagirdlərimizdə bu filmlərə maraq oyatmaqla yanaşı nitq qabiliyyətini, yazı vərdişlərini inkişaf etdirmək üçün daha əlverişlı üsullara əl atmaq qərarına gəldim. Düzdür, məktəbimizdə bu yolda xeyli başqa işlər də aparılır:  bilik yarışları, təqdimatlar, “Kiçik Akademiya”nin işi, bədii qiraət üzrə müsabiqələr və s.  Bu isə daha fərqli bir yarışma oldu. İkinci ildir ki, yarışmanı keçiririk, müsbət nəticələr isə çoxdur...

 

IV-IX  sinif şagirdlərinə məktəbin akt zalında Azərbaycan bədii filmlərinin nümayişini təşkil etdim (“Qarabağnamə”, “Ağ atlı oğlan”, “Cavad xan”, “Böyük dayaq”, “Ögey ana”,   “Sehirli xalat”, “Dağlarda döyüş”, “Dolu”, “Qaynana”, “Bəxtiyar”). Hər gün filmə baxdıqdan sonra verilmiş mövzular üzrə şagirdlər inşa və esse yazıb gətirərək təhvil verdilər. Beləliklə, ona yaxın Azərbaycan bədii filmi nümayiş etdirildi, hər birinə aid inşa və esseyə müraciət olundu. Adlarından göründüyü kimi, müxtəlif mövzulu filmlərə yer verilmişdir. Yazı müsabiqəsi uğurla tamamlandı. Sonda isə yazı işləri yoxlanılaraq qaliblər məktəb rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edildilər. Şagirdlərimiz də bu işdə böyük həvəs göstərdilər və yarışmanın davamlı olmasını arzu etdilər. Onlarla yanaşı valideynlər də, hətta nənə və babalar da bu yarışmadan razı qalaraq  məktəb rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.  Bu yarışma şagirdlərə yazı vərdişlərinin inkişafı ilə yanaşı, tarixi keçmişimizi, adət-ənənələrimizi və s. öyrənməkdə müsbət təsir göstərdi. Şagirdlər arasında böyük rəqabət hiss olunurdu. Təhsildə isə rəqabət şagirdləri məqsədə çatmaq üçün ruhlandıran amillərdən biridir.

 

Yeganə  KƏRİMOVA ,

Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini