Niderlanddakı Azərbaycan səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi təşkil olunub.
Sərgidə Niderlandda yaşayan Azərbaycan və türk diasporu üzvlərinin övladları, onların yerli dostları, eləcə də Rotterdam şəhərindəki həftə sonu məktəbinin şagirdləri iştirak ediblər.
20 Yanvar faciəsinə dair rəsmlərində balacalar bu faciənin rəmzinə çevrilmiş qırmızı qərənfillərlə günahsiz axıdılan qanı əks etdiriblər.
Rəsmlərdə kədəri bildirən qara rəngə də müraciət olunub. Uşaqlar doğma Vətəndən uzaqda yaşasalar da, 20 Yanvar, eləcə də Qarabağ şəhidləri üçün xalqımızın axıtdığı göz yaşlarını da rəsmlərində əks etdiriblər.
Bununla uşaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirməyə çalışıblar.
Balacaların rəsmləri Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını göstərir.
AZƏRTAC