Kənan Xəlilzadə: “Əziyyətlərə qatlaşmasaydım bu uğurlar taleyimdən yan keçəcəkdi”
İstedadlı yeniyetmə Kənan Xəlilzadə ilə telefon əlaqəsi saxlayıb haqqında məqalə yazmaq istədiyimi bildirdim. Buna səbəb isə müxtəlif nominasiyalar üzrə musiqi yarışmalarında onun qazandığı uğurlar barədə redaksiyamıza daxil olan məlumatlar idi. Gözləmədiyi halda qəfil zəngimdən hədsiz sevindiyini ifadə edən Kənan hazırda konsertdə olduğunu söylədi və əlavə etdi ki, ertəsi gün görüşməyə hazırdır. Ertəsi günsə biz onunla musiqi məktəbində görüşdük. Çox səmimi və mehriban olan yeniyetmə musiqiçi ilə söhbətimiz də maraqlı alındı. Qazandığı uğurları barədə ürəkdolusu söhbət açdı:
- Mən Kənan Xəlilzadə Səbuhi oğlu 2002-ci il mayın 8-də Bakı şəhərində anadan olmuşam. 2008-ci ildə paytaxtdakı 283 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olaraq təhsilimə başlamışam. Kiçik yaşlarımdan, daha doğrusu, dilim söz tutandan televiziya kanallarında musiqili verilişləri maraqla izləyirdim. Xüsusən də klarnet alətini görəndə qeyri -adi hisslər keçirirdim. Nədənsə bu musiqi alətinə daha çox marağım var idi. Sonralar valideynlərim də bunu hiss etdilər və mənə bu musiqi alətini aldılar. 2010-cu ildə isə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik uşaq musiqi məktəbinin klarnet sinfinə qəbul olundum. Sevincimin hədd-hüdudu yox idi. Çünki uşaqlıq arzum artıq gerçəkləşmişdi. Çox keçmədi ki, müxtəlif nominasiyalı musiqi yarışmalarına qatıldım. Nailiyyətlərim bir-birini əvəz etdikcə daha çox həvəslənirdim.
Beynəlxalq müsabiqələr laureatı
Musiqi məktəbində mənə klarnetdə ifa eləməyin sirlərini öyrədən çox hörmət bəslədiyim müəllimim Fizuli Məmmədov olub. Onun üzərimdə çəkdiyi zəhmətin sayəsində respublika və beynəlxalq müsabiqələr laureatı olmuşam. 2016-cı ilin oktyabrında Bakı şəhərində keçirilən, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan uşaq, yeniyetmə və gənclər arasında respublika musiqi müsabiqəsində uğurlu iştirakıma görə fəxri fərmana layiq görülmüşəm.
Qran-pri mükafatı
Həmin ilin noyabrında isə Estoniyanın Narva şəhərində keçirilən VII Beynəlxalq “Baltik ulduzları” musiqi müsabiqəsində iştirak etdim və Qran-pri mükafatına layiq görüldüm. Dünya bəstəkarlarından A.Giampierinin “Venesiya Karnavalı”, L.V.Bethovenin “Sonatina”, İ.Qedjadzenin “Lastoçka” əsərlərini ifa etdim. Münsiflər heyəti ifalarımı çox bəyəndi. Onlar Qran-pri mükafatını mənə təqdim edəndə müəllimim və valideynlərim hədsiz sevinirdilər. Həmin anda qeyri-ixtiyari müəllimim Fizuli Məmmədovun dərsə başladığım ilk gündən mənə verdiyi öyüd-nəsihəti xatırladım. Müəllimim haqlı idi, mən əziyyətlərə qatlaşmasaydım bu uğurlar taleyimdən yan keçəcəkdi.
Sevincimi dostlarımla bölüşdüm
2017-ci ilin aprelində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İslam Dünyası gənc klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Hər il keçirilən bu müsabiqə İSESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil olunur. Bu il də müsabiqəyə bir çox islam ölkələrinin gənc istedadları qatıldı. Müsabiqədə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya Federasiyası (Başqırdıstan, Tatarıstan, Dağıstan), Malayziya, Misir, Qırğızıstan, Küveyt, Mərakeş, İran və İndoneziya kimi ölkələrdən yeniyetmə və gənc ifaçılar mübarizə aparırdı. Müsabiqə təkcə gənclərin istedadını nümayiş etdirmək deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətli idi. Sonda islam dünyası gənc klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi çərçivəsində xüsusi fərqlənən gənclərin adları tədbirdə səsləndirildi. Onların sırasında mənim də adım çəkildi və III yeri qazandım. Müsabiqədə A.Giampierinin “Venesiya Karnavalı”, V.Monti- “Çardaş”, Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi” əsərlərini ifa etdim və alqışlarla qarşılandım. Ertəsi gün sevincimi dostlarımla bölüşdüm. Onlar da mənim uğuruma sevinirdilər. Dünya bəstəkarlarının əsərlərini dinlədikcə, qeyri-ixtiyari olaraq dərin xəyallara dalıram, elə bil musiqi məni ecazkar bir aləmə aparır.
2018-ci ilin aprel ayı mənim üçün uğurlu oldu
2018-ci ilin apreli mənim üçün uğurlu oldu. Gürcüstanın Tbilisi şəhərində orkestr alətləri üzrə keçirilən “Yevgeni Mikeladze” adına olan 3-cü beynəlxalq müsabiqədə iştirak edəcəyimi eşidəndə sevincimin hədd-hüdudu olmadı. Nəhayət, gənc musiqiçilər arasında keçirilən yarışmada I yerə layiq görüldüm. A.Messagerin “Solo de Concours”, İ.Qedjadzenin “Lastoçka”, G.Piernenin “Canzonetta”, Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi” tamaşaçılarda xoş ovqat yaratdı.
Xarici ölkələrdə dostlarım çoxdur
Hazırda görkəmli bəstəkarımız olan Qara Qarayevin 100 illiyinə həsr olunacaq simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsinə ciddi hazırlaşıram. Qeyd edim ki, bu müsabiqələr sayəsində xarici ölkələrdən olan dostlarımın sayı da artıb. Onlarla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıram və yazışırıq. Paytaxtımızda keçirilən beynəlxalq müsabiqələrə onlar da qatılırlar.
Klassik musiqilərə qulaq asıram
Asudə vaxtlarımda mütaliə edirəm, xarici və milli klassik bəstəkarların əsərlərinə qulaq asıram, velosiped sürməyi də çox xoşlayıram. Sevdiyim fənlər isə riyaziyyat, Azərbaycan və rus dilləridir. Ən böyük arzum ölkəmizi daha mötəbər yarışlarda təmsil etmək, Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Əminəm ki, bunun da öhdəsindən gələcəyəm. Xalq artisti T.Göyçayevin rəhbərliyi ilə keçirilən bir çox konsertlərdə solo çıxışım tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanıb.
Yaxşı ifaçı olmaq üçün çox çalışmalıyam
Hazırda Laçın şəhəri 2 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alıram. Gələcək üçün planlarım da çoxdur, yeni mahnılar yazdırmaq həvəsindəyəm. İfalarım tamaşaçılar tərəfindən maraqla qarşılanır. Bu istiqamətdə işlərimi davam etdirməli, bu çətin sənətin sirlərinə daha dərindən yiyələnməliyəm. Yaxşı ifaçı olmaq üçünsə bilirəm ki, daha da çox çalışmalı, Azərbaycanın musiqi tarixini, mədəniyyətini daha mükəmməl bilməliyəm.
Sifai SƏFƏROVA