Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan Muxtar Respublikası: yeni inkişaf mərhələsində” mövzusunda interaktiv dərs keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə şagirdlərə ötən əsrin 90-cı illərində, sovet hökumətinin dağıldığı dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik və ağır ictimai-siyasi vəziyyətlə bağlı məlumat verib, Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlişi, onun rəhbərliyi ilə xalqı bəlalardan xilas etmək üçün qısa zaman ərzində görülən işlər, əldə edilən nailiyyətlərdən danışıb.
Naxçıvanın inkişaf mərhələlərinə toxunan akademik muxtar respublikada ərazi, enerji və ərzaq təhlükəsizliyinin tam təmin olunduğunu, bu sahədə işlərin daim yüksələn xətlə davam etdirildiyini söyləyib. Bildirib ki, Naxçıvan çox uzun illər öncə elektrik enerjisi idxal edirdisə, artıq enerji ixrac edən strateji əhəmiyyətli bir diyardır. Belə ki, keçən əsrin 90-cı illərində Naxçıvanda yalnız Araz Su Elektrik Stansiyası mövcud idi, bu gün isə su, günəş, külək elektrik stansiyalarının fəaliyyəti təmin edilib və bu sahədə xeyli irəliləyişlər əldə olunub.
“Tarixin heç bir mərhələsində Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bugünkü qədər dayanıqlı, davamlı və hərtərəfli inkişafa nail olmayıb”, - deyən alim muxtar respublikada son 25 ildə qazanılan uğurları şagirdlərin diqqətinə çatdırıb.
İnteraktiv dərs muxtar respublikanın 200-ə yaxın ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.