Şagirdlər AXC dövründə yaşayıb-yaratmış mədəniyyət xadimlərinin prototiplərini yaradıblar


“Yüzillik əsarət dərsi ilə ikiillik hürriyyət qovşağı bizi özümüzə tanıtdı”.

Məhəmməd Əmin Rəsulzadə

 

Məlum olduğu kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyidir. Bu baxımdan 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”  elan etməsi Prezident İlham Əliyevin dövlətçilik tariximizə verdiyi yüksək dəyərin göstəricisidir.

 

Cümhuriyyətin 100 illik yubileyi münasibətilə “İl” çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Şanlı tariximiz AXC ilə bağlı biz də bir tədbir keçirmək haqqında fikirləşirdik. Belə bir məqamda Bakı şəhəri 126 nömrəli tam orta məktəbin tarix müəllimi Şirincan Məmmədovanın 100 illiyə töhfə vermək məqsədilə mənə “eTwinning” Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramı çərçivəsində bu mövzunu əhatə edəcək layihə hazırlamağı təklifi etməsi lap yerinə düşdü. Beləliklə, “Hər məktəbdə Cümhuriyyət işığı” adlı layihəmiz Şirincan müəllimin təklifi ilə ərsəyə gəldi.

 

Əvvələn onu qeyd edim ki, “eTwinning” Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə (məktəbəqədər, orta məktəb və ali təhsil sahəsində çalışan təhsil işçilərinə) ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.

 

Azərbaycan 2013-cü ildən Avropa İttifaqının qonşuluq siyasətinə əsasən “eTwinning Plus” layihəsinə üzv olmuşdur. İştirakçı ölkələrdə çalışan müəllimlər layihənin portalından (www.ewinning.net) istifadə edərək, Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər. Ən vacib məqamlardan biri isə odur ki, azərbaycanlı şagirdlər də avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanırlar.

 

Beləliklə, “eTwinning Plus”un sayəsində biz layihə üzərində işləməyə başladıq. Layihənin məqsədi Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə aid 100 məktəbin qarşılıqlı fikir mübadiləsidir. Layihə mart ayının əvvəlindən başlayaraq mayın sonuna kimi davam etməli idi. Ancaq bu mövzu çox geniş olduğundan, layihə üzvlərinin sayının günü-gündən artdığını, həmçinin, layihəyə marağın çoxluğunu gördükdə onu ilin sonuna qədər açıq saxlamaq qərarına gəldik.

 

Hazırda layihəmizdə 154 üzv var ki, onların da 104-ü müəllim, 49-u şagirddir. Yerı gəlmişkən deyim ki, layihədə hazırda çalışdığım məktəblərin birinin - 6 nömrəli məktəb-liseyin 34 nəfər V,  VI, VII sinif şagirdi iştirak edib.  Layihə müxtəlif mərhələlərdən ibarətdir. Layihə gedişi zamanı digər məktəblərlə  3 online görüş təşkil olunub. Birinci görüş “Cümhuriyyət dövrü şeir və musiqilərdə” mövzusunu, ikinci görüş Cümhuriyyət dövrünü xarakterizə edən əl işlərinin təqdimatı, üçüncü görüş isə layihədə iştirak edən müəllimlərin yerinə yetirməli olduqları məsələləri əhatə edirdi. Məktəblərarası bu online görüşlər şagirdlərin diqqətinə və marağına səbəb oldu.

 

Layihənin icrası gedişində Azərbaycan Xalq Cümhuriyyəti dövrünü müasir dövrümüzlə əlaqələndirməyə çalışdıq. Şirincan müəllimin şagirdləri ilə birlikdə  Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin redaksiyası əks olunan şəkli yenidən canlandırması mənim də marağıma səbəb oldu. Və mən şagirdlərimlə birlikdə axtarışlara başladım ki, hansı şəkili canlandırmaq daha maraqlı ola bilər. İnternet saytlarının birində “AXC və mədəniyyətimiz” adlı şəkli diqqətimizi cəlb etdi. Şəkildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaşayıb-yaratmış mədəniyyət xadimləri öz əksini tapmışdır. Bu şəkli yenidən canlandırmaq üçün şagirdlərim  çox əmək sərf etdilər. Bir əsr əvvəlin geyimlərinə bənzər geyimlər, əşyalar axtarışına başladıq.  Bu hətta valideynlərin də marağına səbəb oldu. Onlar da geyimləri axtarmaqda bizə yaxından köməklik göstərdilər. Ümumiyyətlə, geyimlərin təşkil olunmasında mənə AzTV-nin və valideynlərin böyük dəstəyi oldu. Şəklin eynisini yaratmağa çalışdıq. Və sonda...  şəkil hazır oldu. Şəkil hazır olduqdan sonra da çox maraqla qarşılandı. Bu, şagirdlərimi və məni çox sevindirir. Şagirdlərimin üzündə  marağın, sevincin yaranmasına şərait yaratdığım üçün çox şadam.  Bu şəkil  bizi həm keçmişimizə apardı, həm də özümüzə tanıtdı.

 

Ülviyyə İSMAYILOVA,

Bakı şəhər 55 nömrəli tam orta məktəb və  6 nömrəli məktəb-liseyin tarix müəllimi