Vətən müharibəsində iştirak edən əsgərlər arasında şagirdlərimiz olmuş oğulların  döyüşməsi, qəhrəmanlıq göstərməsi biz müəllimləri qürurlandıran çox şərəfli hadisədir. Naxçıvanın Babək rayonunun Vayxır kənd orta məktəbinin məzunları da az deyildi Qarabağ müharibəsində: kimisi ali hərbi təhsilli mütəxəssis, kimisi XTQ-nin cəsur döyüşçüsü kimi.

 

Azərbaycanın hər yerində olduğu kimi, kəndimizin sakinlərinin də ürəyi Cəbhə ilə döyünürdü. Hər gün məktəbə gəldiyimizdə ilk sualımız bu olurdu: bilmirsiz uşaqlardan nə xəbər var- kim danışıb, kim nə deyib? Axı biz onların ikinci valideynləri sayılırıq. Gözümüzün önündə boy atıblar, yetkinləşiblər... Bütün yaş dövrləri, məktəbdəki davranışları, dərslərə verdikləri cavablar bir-bir   xəyalımızda təzələnir, yeni dəyər qazanırdı ...  Həmin günlər onların bizim üçün nə qədər doğma olduğunu bir daha hiss etdik. 

 

Sevincli və üzücü xəbərləri gözümüzdən yaş axaraq dinlədik... Haqqında həftələrlə xəbər ala bilmədiyimiz, aldığı yaradan sağlamlığını itirənlərimiz də oldu. Lakin onlardan biri – Şahbuz rayonu Kolanı kəndində doğulan, sonralar ailəsi ilə Babək rayonunun Vayxır kəndinə köçən, şagirdimiz olan - şəhidimiz İman Alməmmədov bizə köksümüzə sığmayan hisslər yaşatdı – vüqar, qürur, həm də ağır kədər!...

 

İman mənim şagirdim idi. 5-9-cu siniflərdə sinif rəhbəri olmuşdum. Son dərəcə dürüst, həssas olmaqla bərabər, bir qədər də emosional, dalaşqan şagird idi. Özünə ziyanı toxunsa belə, yalan danışmazdı. Dürüstlüyünə görə müəllimlərinin rəğbətini qazanmışdı. Məktəbdə keçirilən tədbirlərdə çox fəal iştirak edirdi, təşkilatçılıq qabiliyyəti ilə fərqlənirdi. Uşaq vaxtından hər zaman hərbçi olmağı arzulayıb. 2017-ci ildə hərbi xidmətə yollanan şagirdimiz az bir zamanda öz qabiliyyətinə görə kəşfiyyat hazırlığına qəbul edilir. Qısa vaxtda  mahir kəşfiyyatçı kimi yetişir. Hərbi xidmət dövrü başa çatsa da, ona orduda qalmaq təklif olunur. İman  öz arzusu olduğu üçün bu təklifə sevinərək razılaşır.  Nümunəvi xidmətinə görə həmişə fərqlənir.

 

11 oktyabr 2020-ci ildə baş kəşfiyyatçı kimi döyüş bölgəsinə yollanır. Döyüş yolu Füzulidən başlayır. Hadrutda 10 gün əməliyyatlarda iştirak edir. Daha sonra Qırmızı Bazarın, Çanaxçının terrorçu düşməndən azad olmasında fəallıq göstərir. Onunla eyni döyüş yolunu keçmiş dostları deyir ki, Daşaltı yaxınlığında 25 əsgərlə 3 gün mühasirədə qalsa da, cəsur kəşfiyyatçı dəstəni sağ-salamat mühasirədən çıxarmağın yolunu tapıb. Noyabrın 4-dən 5-nə keçən gecə dostları ilə birlikdə Şuşaya ilk daxil olan əsgərlər arasında olub.

 

Döyüş əmri, hərbi tapşırıq verilən zaman çəkinmədən qabağa düşürmüş. Bu hərəkətinə görə komandiri və yoldaşları arasında “Qorxusu olmayan əsgər” adını qazanmışdı; hamı onu belə tanıyırdı. Ən çətin yolları belə şücaətlə keçirdi: bədəni, dizləri daşlardan, kollardan, qəlpələrdən aldığı yaralardan çapıq-çapıq olubmuş. Dəfələrlə ona tibbi yardım almaq məsləhət görülsə də, bir an belə döyüşlərdən ayrılmayıb. Bütün əsgərlər kimi o da Şuşa döyüşlərinə qatılmağı özü üçün böyük xoşbəxtlik hesab edib. Ali Baş Komandan İlham Əliyevin dediyi “Şuşasız bizim işimiz yarımçıq qalar”- şüarı bütün əsgərlərin, o cümlədən İmanın döyüş devizinə çevrilmişdi.  Şuşaya can atan, öndə yürüyən  əsgərlər sırasında idi. Qələbə hissini şərəflə yaşadı. Özünü dünyanın ən xoşbəxt insanı hesab etdi. Aldığı yaraların ağrısını belə unutdu.

 

Əsarətdə qalan Vətən torpaqlarının xilası qalib əsgərin qürurunu, fərəhini artırırdı. Şuşa fəth olunanda, döyüşlər səngiyəndə sevincini valideynləri, qardaşları, nişanlısı ilə bölüşmüşdü. Son anda aldığı ağır yaradan gözlərini bu dünyaya həmişəlik yumdu!...

 

İmanın cənazəsini, cənazənin ətrafına düzülmüş nişan xonçalarını, onu qarşılayan nişanlısını, valideynlərini, qardaşlarını görmək hamı üçün çox ağır idi. Ancaq tabutunun üstünə sərilmiş üçrəngli bayraq təsəlli edirdi adamı- İman bu Bayraq və Vətən üçün özünü qurban verib, ən yüksək zirvəyə yüksəlib!..

 

O, indi kəndimizin, bütün xalqın əziz övladıdır. Valideynlərinə baş çəkir, məzarını ziyarət edir, onunla bağlı xatirələrimizi dilə gətiririk. Onu qəhrəmanlığa aparan yolun sirrini anlayırıq! Bilirik ki, Şəhidlər ölmür! Onlar əbədi yaşayır! Bu Vətən, bu millət var olduqca, onlar da var olacaq!.. 

 

Əməkdar müəllim  Şükufə Əhmədova