Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik fakültələrinin professor-müəllim heyəti ilə görüşüb.
Microsoft Teams platforması üzərindən keçirilən görüşdə rektor elektron resursların, xüsusilə də videodərslərin vaxtında tələbə və magistrantlara çatdırıldığını bildirib, “MDU-da 2020/2021-ci tədris ilinin payız semestrində tələbələrin biliyinin qiymətləndirilməsi və imtahan sessiyasının təşkili qaydaları”nın icra durumu barədə məlumat verib.
Semester ərzində tələbələrin biliyinin qiymətləndirilməsinin və kollokvium nəticələrinin qənaətbəxş olduğunu vurğulayan rektor 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq işlərinin tam yekunlaşdığını diqqətə çatdırıb.
Mövcud karantin rejiminin tələbləri və məsafədən tədrisin reallıqları nəzərə alınmaqla tətbiq ediləcək güzəştlərdən danışan Ş.Bayramov qiymətləndirmə zamanı obyektivliyin və şəffaflığın təmin olunmasının zəruriliyini bildirib. Bütün tələbələrə, xüsusilə də birinci kurs tələbələrinə həssas yanaşmanın vacibliyini vurğulayan rektor imtahan prosesi barədə müvafiq tövsiyyə və göstərişlər verib.
Görüşdə imtahanların təşkili ilə bağlı bir sıra texniki xarakterli suallara da aydınlıq gətirilib.