Yanvarın 8 – də ADPU - nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası açılıb .
Kollecin direktoru, dosent İsrayıl İsgəndərov Qarabağ müharibəsində iştirak etmiş tələbə və məzunlara göstərdikləri şücaətə görə təşəkkür edib . Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Kollec əməkdaşlarının 16.10.2020 - ci il tarixində şəhid olmuş “Fiziki tərbiyə müəllimliyi” ixtisasının 2-ci kurs tələbəsi Ağaquliyev İlkin Saməddin oğlunun xatirəsinə həsr etdikləri video-çarx nümayiş olunub.
Sonra İ.İsgəndərov bildirib ki, Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşı üçün bir sınaq idi, bir mərdlik və şücaət sınağı idi. Bu sınaqdan Azərbaycan xalqı öz birliyi, Müzəffər Ordusunun şücaəti, Ali Baş Komandanın səbri, təmkini, düzgün siyasi və taktiki planı ilə üzü ağ çıxdı. Cənab Prezidentin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə dediyi kimi “Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.
Bütün təhsil ictimaiyyəti ilə bərabər, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun tabeliyində olan müəssisələrin kollektivləri də bu sınaqdan üzü ağ çıxdı. ADPU-nun nəzdində ADPK-nın 12 tələbəsi Vətən müharibəsində iştirak edərək mərdliklə vuruşub , qəhrəmanlıq göstərib.Qeyd edilib ki , tələbələrimizdən Zahir Fərəczadə, Ümid Qocayev və Həsən Məmmədov "Cəsur döyüşçü" , Rəhman Əzizov “Füzulinin azad olunmasına görə “ və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Bildirilib ki,1-ci Qarabağ savaşında 7, 2-ci Qarabağ savaşında isə kollecin 3 tələbəsi və məzunu Şəhidlik zirvəsinə yüksəlib. Onların analarının qarşısında baş əyir, ailələrinə səbir diləyirik. Şəhidlərimizin ruhları şaddir ona görə ki , torpaqlarımız işğaldan azad olunub.
İ. İsgəndərov Təhsil naziri Emin Əmrullayevin müsahibələrin birində dediyi fikirləri diqqətə çatdırıb. Bu gün Azərbaycan gəncləri vətən savaşında mərdlik, vətənpərvərlik, cəsurluq nümayiş etdirərək Qalib gəlibsə, deməli, bu qələbədə Azərbaycan təhsilinin də kifayət qədər rolu var. Təhsilimizdə gənclərimizin təlim-tərbiyəsi düzgün istiqamətdə gedir.
Qeyd olunub ki , rektor , professor Cəfər Cəfərovun tapşırığı ilə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək, gələcəkdə tələbələrimizin hər birinin fəxr edəcəyi bu gəncləri tanımaqları üçün bu auditoriyanı “Qəhrəmanlıq Zirvəsi” adlandırmağı və tələbələrin kolleclə tanışlığını bu auditoriyadan başlaması qərarını verdik.
Tədbirdə 1-ci Qarabağ müharibəsinin iştirakçıları, Şəhid Ağaquliyev İlkin Saməddin oğlunun valideynləri iştirak edib.
Daha sonra tədbir iştirakçıları “Qəhrəmanlıq Zirvəsi” auditoriyası, Şəhidlərimizin xatirələrinə həsr edilmiş stendlərlə tanış olublar. Şəhid atası İlkinin xoş xatirələrindən, uşaqlığından danışıb .
Sonda xüsusi vurğulanıb ki,Şəhidlərimizin ruhuna ehtiram və onların əziz xatirəsini yaşatmaq bizim borcumuzdur!
Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!