25 yaşlı Vüqar Vəliyev müəllimlik fəaliyyətinə başlayalı cəmi bir il idi. Şagirdləri ilə arasına əvvəlcə pandemiya, sonra isə müharibə girdi. O da Quzanlıda böyüyən köçkün uşaqlara Vətəni anlatmağın qısa yolunu tapdı. 100 eşitməkdənsə, bir dəfə görsünlər dedi. Yolunu da qısaltdı, sözünü də. Vüqarın dilindən uzun-uzadı vətəni dinləməkdənsə, Vətəni Vüqar kimi sevməyi öyrətdi şəhid müəllimimiz Vüqar Vəliyev.
Biri vardı, biri yox
Onun həyatını anasından, müəllimindən dinlədikcə istər-istəməz Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeirini xatırlayırsan. Elə bil bizim Vüqar müəllimin dilindən yazıb şair:
Uzaqdaydı mən istəyən ocaqlar,
Urəyimdən gəlib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.
Vüqarın da ailəsində biri vardı, biri yox. Anası Gülzadə Vəliyeva onu tək böyütdü. “Atam da var, anam da. Ancaq mən Vüqardan sonra yetim qaldım”, - deyir anası. Çünki atası xərçəng xəstəliyi ilə mübarizəyə başladığı gündən etibarən Vüqar evin bütün ağırlığını öz üzərinə götürüb. O gündən məktəbə gedib, evin kiçik təsərrüfatını çəkib-çevirib, ailənin hər çətinliyini asanlaşdırıb. Atasını itirəndə V sinif şagirdi olan Vüqar gündüzlər ev-ailə qayğıları, axşamlar bacısının dərsləri ilə məşğul olub. Onun da çətinliklərinə kömək etməyə çalışıb. Necə deyərlər, anasının arxası-dayağı olub. Kənddə “Vüqar!” deyə səslənən heç kimi cavabsız qoymayıb. Uşaqla uşaq, böyüklə böyük olub. Özü böyüdükcə müəllimlərinin, sevənlərinin ona olan sevgisi də böyüyüb. Ali məktəbə daxil olmaq istəyib. İmtahan nəticələri Bədən Tərbiyəsi və İdman Akademiyasında ödənişsiz təhsil almasına imkan verib. Anası Gülzadə xanım deyir ki, uşaqlığından sərbəst şəkildə hər gün müxtəlif idman hərəkətləri ilə fiziki cəhətdən özünü inkişaf etdirib. Bu, onun idman üzrə ixtisaslaşmış ali təhsil müəssisəsinə maneəsiz qəbul olunmasını asanlaşdırıb. Bakıda yerləşən ali təhsil müəssisəsində təhsil almasına üstünlük vermələrinin səbəblərindən biri də burada yaxınlarının yaşaması olub. Bakıda yaşayış yeri problemi olmayacaqdı. Beləliklə, Vüqar bakalavr təhsilini də tamamlayıb. Hərbi xidmətə gedib. Burada atıcı kimi formalaşıb. Hərbi xidmətdən qayıdandan sonra özünə müvəqqəti iş tapıb işləyib.
“Bilirdim ki, yaxşı nəticə göstərə bilər”
Orta məktəbdə Vüqara tarix və coğrafiya fənlərindən dərs deyən Aybəniz Həsənova keçmiş şagirdinin hərbi xidmətdən qayıtdıqdan sonra nə işlə məşğul olduğunu öyrənib: “Eşidəndə ki, nə iş olsa gedib işləyir, müəllimliyə başlamaq barədə düşünmür, çox təəssüfləndim. Onu çağırtdırdım. Uşaqlıqdan çox əziyyət çəkmişdi. Əziyyətlərinin davam etməsinə heç qıymırdım. Çağırıb dedim ki, müəllim olmaq üçün imtahanlara hazırlaşsın. O hərbi xidmətdən qayıdanda 2018-ci ildə keçirilən imtahanlar artıq bitmişdi. 2019-2020-ci dərs ili üçün keçiriləcək imtahanlara hazırlaşmaq üçün xeyli vaxtı var idi. Heç maraqlanmamışdı deyə nə edəcəyini bilmirdi. Vəsaitlər verdim, olmayan vəsaitləri əldə etməyin yolunu göstərdim. Oxumağa nə qədər maraqlı olduğunu bilirdim. Hələ orta məktəbdə müəllimi olmuşdum. Dərs deməkdən əlavə, onu evə də dəvət edir, hazırlaşmağına əlimdən gəldiyi qədər kömək eləməyə çalışırdım. Ona görə də potensialına bələd idim. Bilirdim ki, diqqətini toplayıb hazırlaşsa, müəllimlərin işə qəbulu imtahanlarında da yaxşı nəticə göstərə bilər. Hazırlaşdı və qəbul olundu”.
18 nömrəli məktəbin qüruru
2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu imtahanında 42 bal toplayaraq Quzanlı qəsəbəsindəki Ağdam rayonu 18 nömrəli köçkün tam orta məktəbinə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi təyin olundu. Məktəbin direktoru Sürəyya Bayramovanın sözlərinə görə, məktəbdəki fəaliyyəti az olsa da, dünyagörüşlü olduğunu artıq göstərmişdi: “Məktəbimizin ən gənc müəllimi məhz Vüqar müəllim idi. Kişi müəllimlərimiz də azdı. Cəmi 10 kişi müəllimimiz var. Əksəriyyəti yaşlı müəllimlərdir. Vüqar müəllim hamıyla mehriban münasibət saxlayırdı. Şagirdləri də onu sevirdi. Şəhid olması hamımızı təəssüfləndirsə də, o, artıq hər birimizin qürurumuzdur”.
Şəhid olduğu o gün
Anası Gülzadə xanım oğlu ilə ölümündən əvvəl danışıb. Dönə-dönə tapşırıb ki, telefonla danışmaq üçün özünü təhlükəyə atıb yüksəkliyə çıxmasın: “Ölümündən əvvəl də zəng eləmişdi. Danışanda harda olduğunu soruşmazdım. İstəmirdim döyüşdən danışsın. Bir-iki dəqiqə danışırıq, onda da fikrini dağıtmağa, yaxşı şeylərdən danışmağa çalışırdım. O da harda olduqlarını demirdi. Şəhid olanda silah yoldaşları danışdılar ki, Suqovuşanda şəhid olub. Həmin döyüşdə onunla bərabər 16 bala şəhid olub”.
Gülzadə ananın mərd oğlu, Aybəniz müəllimin səmimi, mehriban şagirdi böyüyüb müəllim oldu. “Vüqarı atasının yanına dəfn etdik. Həmin gün ermənilərin artilleriya atəşi altında onu son mənzilinə yola saldıq. Onun yoxluğuna hələ də dözəmmirəm. Elə bil doğma balamı itirmişəm” - deyir müəllimi Aybəniz Həsənova.
Vətənini sevdi Vüqar. Şəhidliyi ilə sevməyi də öyrətdi.
Şəhid müəllim Vüqar Vəliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ruhiyyə DAŞSALAHLI