Həkim, müəllim Oqtay Mehdiyevin yaralı əsgərlərlə bağlı xatirələri


Azərbaycan Vətən Müharibəsindən üzüağ, alnıaçıq, böyük qələbə ilə çıxdı. Savaşın sonunda hər kəs əlini ürəyinin üstünə qoyub “Mücadiləmizdə mənim də payım var”, - deyə bildi. Azərbaycan Ordusu irəlilədikcə xalq da onun izi ilə getdi. Əsgərinin tam arxasında isə həkimlər vardı.  Bu yolda onları addımbaaddım izlədilər. Hər əsgərin çöhrəsindəki sevincin donub elə oradaca qalmaması üçün var gücüylə savaşdılar. Hər qarış torpaq üçün vuruşan əsgərin canını qorumaq üçün çalışdılar. Hər kiçik ümid üçün saatlar sərf etdilər. Elə onlar da əsgərimiz kimi yuxusuz gecələr keçirdilər.

 

Onlardan biri, sadəcə həkim deyil, həm də müəllimdir.

 

Müharibənin ilk günündən o da öz “səngərində” savaşır. Hər əsgərin nəinki həyatı, ayağı, əli, üzü, çənəsi, hətta barmağı uğrunda.

 

“Azərbaycan müəllimi” qəzetinin müsahibi  Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyevdir.

 

Müharibə başlayan kimi o da öz səngərində yerini aldı

 

Müharibə başlayan kimi mən də müraciət etdim. Cəbhəyə getmək istəyimə müsbət cavab almadım. Çünki yaşım 50-ni keçib. Bu, məni dayandıra bilərdimi? Dostlarla əlaqə saxlayıb, mənə harada ehtiyac olduğunu araşdırdım. Gəncədə üz və çənə nahiyəsindən yaralananlar olduğunu öyrəndim. Maşına oturub düz Gəncə  Beynəlxalq Hospitalına getdim. Yaxşı ki, getdim. Səhərdən axşama qədər, demək olar ki, əməliyyat otağında olurdum. Bundan əlavə, erməni terrorçuları Gəncə şəhərini ballistik raket atəşinə tutdular. Hospitalın yaxınlığına - sağdan da,  soldan da-  2 raket düşdü. 150-200  metr məsafədə olduğundan yaralılar hospitala gətirildi. Onları həkim yoldaşlarımla qəbul etdik. Gələn yaralılara tibbi yardımın təşkilindən əlavə, onların, uşaqların şəkillərini çəkib paylaşan da mən oldum. Silahsız insanlara qarşı, müharibə bölgəsindən kilometrlərlə uzaqda, hər hansı hərbi bazanın belə olmadığı bir şəhərə tutulan divanı dünya görməliydi.

 

Könüllü həkimlər bir arada

 

Füzuli Diaqnostika Mərkəzinə getdim. Füzulidə vəziyyət həmin vaxt daha ağır idi. Ordumuzun cənubdan hücumları davam etdiyindən Mərkəz daha ağır nöqtə sayılırdı. Oktyabrın 15-16-dan müharibənin son günlərinə qədər orada könüllü həkimlərimizin də daxil olduğu böyük bir komanda ilə işimə davam etdim. Bütün yaralılar Füzuli Diaqnostika Mərkəzinə gətirildiyindən orada yaralı sayı daha çox olurdu. Məhz burada ağır, orta ağır və yüngüllüyünə görə yaralılar bölünüb, ixtisaslaşmış xəstəxanalara göndərilirdi.

 

Həkimlər gecikərsə...

 

Cəbrayıl, Zəngilan, Hadrut alındı, həmin rayonlarda hospitallar açıldı. Yaralılarımıza həkim yardımı yeni hospitallarda göstərildiyindən Füzuli Diaqnostika Mərkəzində təşkil edilən tibbi yardımın istiqaməti də dəyişdi. Burada artıq ixtisaslaşdırılmış həkim yardımı göstərməyə başladıq. Bizə gələn yaralıların qanaxması dayandırılmış, sarğısı qoyulmuş, həkim yardımı edilmişdi. Beləliklə, artıq Füzuli Diaqnostika Mərkəzində ekstrenal fiksasiyalı hallara müdaxilə edilirdi. Ümumiyyətlə, qeyd edim ki, odlu silah yaralanmalarında tibbi yardımın təşkili böyük bir sahədir. İlk yardım, ixtisaslaşdırılmış və xüsusi ixtisaslaşdırılmış həkim yardımı vaxtında olmalıdır. Bunlardan biri vaxtında və düzgün aparılmasa, yaralılarımızın müxtəlif orqanları, hətta həyatı təhlükə altına girə bilər. Bu səbəbdən gərgin işləyir, 36-38 saat yatmadığımız vaxtlar olurdu. Yatmaq, yemək yadımızdan çıxırdı.

          

Yüksək ruh,Vətən sevgisi

 

Vətən müharibəsində əsas işi əsgərlərimiz gördü. Onlarda olan ruhu, yüksək əhval-ruhiyyəni, vətən sevgisini görəydiniz kaş! Əli, ayağı, üzü, gözü qan içində gələn gənclərə istəyirsən təsəlli verəsən, hamısından bir söz eşidirsən: “Vətən sağ olsun!”. Ağır yaralı əsgərə müdaxilə etmək istəyəndə, “yaram ağır deyil, əsgər yoldaşıma bax”, - deyənlər olurdu. Əsgərlərin psixoloji vəziyyəti bizi xüsusilə qürurlandırırdı. Yaralandığı yüksəklik, kənd, şəhər üçün narahatlıq keçirirdi ki, görəsən, əsgər yoldaşları həmin məntəqəni, obyekti aldı, yoxsa yox. Hər günümüz gərgin keçirdi. Gələn yaralıları ürək ağrısı ilə qəbul edir, onlara ilk sualımız harda yaralandıqları olurdu. Hər yaralı bizə yeni uğurun – kəndimizin, şəhərimizin, hansısa yüksəkliyimizin sorağını gətirirdi. Aldığımız xəbərlərdən daha da ruhlanır, yorulmadan bir əməliyyatdan çıxıb o birinə girirdik. Biz də əlimizdən gələni edirdik ki, canından keçməyə hazır olan cavanlarımızı həyata qaytaraq, sağlamlıqlarını itirmələrinə imkan verməyək. Yadda qalan günlərimdən biri sosial şəbəkələrdə də yayılan, yaralı vəziyyətdə mahnı oxuyan əsgərimizə müdaxilə etdiyim o gün idi. Əsgərimizə sarğı qoyarkən ufuldadı. Mən də bir az gərginliyi azaltmaq üçün zarafatla dedim ki, nə yaxşı səsin var. O da “oxuya da bilərəm”, - dedi.  Ağrısı ola-ola Qarabağdan mahnı oxudu. Qəlpə əlini dağıdan bir əsgərimizi də xatırlayıram. Təsəlli vermək istədik, bizə dedi ki, əsas odur torpaqlarımızı alırıq, bu yaradan heç nə olmaz. İki qardaşdan biri yaralanmışdı, o biri onu döyüş bölgəsindən kürəyində çıxardıb hospitala gətirmişdi. Deyirdi, yaxşı ki, o yaralandı, mən onu çıxarda bildim. Mən yaralansam, qardaşım üçün ağır olardım, məni daşıyarkən əziyyət çəkərdi. Əsgərlərimizə ruh verən, onları qələbəyə aparan Vətən eşqi idi, biz də o eşqlə çırpınan ürəklərin var gücümüzlə döyünməsini təmin etməyə çalışdıq. Buna nail olanda sevindik, çarəsiz qalanda isə üzüldük.

 

Bu müharibə əvvəlkinə bənzəmirdi

 

1992-1994-cü illərdə də müharibədə iştirak etmişəm. Bu, o müharibədən çox fərqlənirdi. Tibbi yardımın təşkilindən tutmuş yaraların növlərinə qədər hər şey dəyişmişdi. Vətən müharibəsində tibbi yardım düzgün təşkil edildi. Güllə yarası çox az gəlirdi. Daha çox artilleriya zərbələrinin səbəb olduğu qəlpə yaralanmaları idi. Üzbəüz döyüş getdiyinə görə, yalnız Şuşa şəhərindən güllə yaralanmaları ilə yaralı qəbul etdik. Döş qəfəsini, qarın boşluğunu zirehli geyim qoruduğundan əsgərlərimiz daha çox baş, ayaq və qollarından yaralanır, baş-beyin travmaları alırdılar. Ona görə də bu müharibədə travmatoloqların üzərinə daha böyük iş düşürdü. Qeyd etməliyəm ki, “Baku City Hospital”ın həkimləri, başda Bayram Qorçiyev olmaqla, ağır əməliyyatlar etdilər. Beyin cərrahlarımızın, damar cərrahlarımızın üzərinə çox böyük  iş düşdü. Təcili-təxirəsalınmaz beyin əməliyyatları belə Füzuli Diaqnostika Mərkəzində aparıldı. Bəhmən Yadigarov, Emin Səfərov gecikdirmədən həyata keçirdikləri beyin əməliyyatları ilə bir çox əsgəri həyata qaytardılar. Reanimatoloqlar – Rəşad Nuriyev, Ərəstun Məmmədov gecə-gündüz yatmadılar.

                

Müharibənin davam edən yaraları

 

44 gün davam edən müharibənin vurduğu və bir çoxunda ömürlük davam edəcək ciddi yaralar var. Artilleriya müharibəsinin xüsusiyyətidir - ömür boyu müalicəyə ehtiyacı olacaq kantuziya almış yaralılarımız çoxluq təşkil edir. Ona görə bundan sonra onlara qarşı diqqət, qayğı və səbrlə yanaşmalıyıq. Hər gün biri, bir neçəsi ilə danışıram. Mənə zəng edir, məsləhət alırlar. Sadəcə müalicələri üçün deyil, onların hər problemlərində yanlarında olacağımıza söz vermişik. Təkcə biz həkimlər yox, hər kəs özünü onlara borclu saymalıdır. Çünki illərdir ki, irinləyən, qanayan böyük yaramızı onlar sağaltdı, onların yaralarını da biz saracaq, ağrılarını azaltmaq üçün əlimizdən gələni edəcəyik. Əksəriyyəti subaydır. Həkim dostlarımla hər birinə söz vermişik, toylarında da iştirak edəcəyik.  Həm toylarında, həm də bütün həyatları boyu, hər çətinliklərində yanlarında olacağıq.

 

Stomatoloqlar Ordu üçün səfərbər oldu

 

 

Müharibə başlayan ilk günlərdən stomatoloqlar da səfərbər oldular. Hüseyn Hüseynzadənin rəhbərliyi altında Stomatoloqların Orduya dəstək qrupunu yaratdıq. Rəsmi olaraq 250, ümumiyyətlə isə 300-ə yaxın stomatoloqun birləşdiyi həmin qrup mütəmadi olaraq orduya dəstək göstərir, lazım olan ləvazimatları ehtiyac olan yerlərə çatdırır, növbəlilik əsasında hər dəfə 15-20 stomatoloq yaralılara xidmət göstərirdi. Nə iş varsa, görürdülər. Bu qayda müharibənin sonuna qədər bu cür də davam etdi. Ən böyük yardım Türkiyədən oldu. Üz-çənə cərrahiyyəsində lazım olan 33 min avroluq ləvazimat göndərdilər. Həmin ləvazimatlar Yevlax, Ağcabədi və Bakı şəhərində fəaliyyət göstərən üz-çənə cərrahlarına çatdırıldı.

 

Xalqın birliyi ilə qazanılan Qələbə

 

Bu savaş bütün xalqımızı birləşdirdi. Azərbaycan xalqı məhz birliyinin hesabına qalib gəldi. Bəzən olurdu ki, yaralılar həddən artıq qan itirirdi. Təzə qana ehtiyac olanda xəstəxana önündə dayanan yaralı yaxınlarına bunu bildirirdik. Birdən-birə onlarla adam üstümüzə şığıyırdı qan vermək üçün. “Nə qədər lazımdır bizdən götür”, - deyirdilər. Hesab edirəm ki, nail olduğumuz bu birliyi qorumalıyıq. Çünki problemimiz hələ bitməyib. Xüsusən  həkimlərin işi davam edir. Öz həyatını vətən yolunda qurban verənlərin geridə buraxdıqları ailəsi, uşaqları bizlərə əmanətdir. Yaralanaraq ciddi fiziki və psixoloji zədə alan gənclərin problemləri hər birimiz üçün önəmli olmalıdır.

 

Vətənə əsgər gərək

 

- Bu müharibə bir daha sübut etdi ki, qazandıqlarımızı əsgərlərimizin mərdliyi, cəsarəti, qorxmazlığı ilə əldə etdik. Ona görə də gələcəkdə hansı peşədə olacağından asılı olmayaraq, övladlarımızı  mənəvi və fiziki cəhətdən düzgün yetişdirməliyik. Məsələn, uşaqlarımızın idmanla məşğul olmasını təmin etməliyik. Bu, onların sağlamlığı, güclü olması, qorxmazlığı üçün çox vacibdir. Şəxsiyyət olaraq formalaşmalarında bunun böyük əhəmiyyəti var. Orduya sağlam qüvvə lazımdır. Övladlarımıza hələ balacalığından şəxsiyyət kimi yanaşmalı, onları fiziki və mənəvi cəhətdən güclü yetişdirməliyik. Unutmamalıyıq ki, dövlət olaraq da, millət olaraq da gələcəyimizin sahibi məhz onlardır.

 

Ruhiyyə DAŞSALAHLI