Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı soyqrımının iyirmi altıncı ildönümünə həsr edilmiş “Fəryad edən Xocalı” inteqrativ dərs keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Pakistanın Azərbaydankı fövqəladə və səlahiyyətli səfiri Saeed Khan Mohmand, İraqın fövqəladə və səlahiyyətli səfiri Fadhil Awad Al-Shuwaili, Sudan səfirliyinin müşaviri Awadia Ahmed Yahya, İordaniya səfirliyinin I katibi Saad El Gazali, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımını əks etirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə əvvəlcə Xocalı soyqırımı zamanı şəhid olan soydaşlarımızın və eləcə də bütün şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev bildirib ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir. Bu soyqırımı həm də bəşəriyyətə və insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir. Xocalı soyqırımı beynəlxalq hərbi cinayət aktıdır. Y. Alıyev Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı əməli tədbirlər yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən dövlət rəhbərliyinə qayıtmasından sonra həyata keçirilib. Xocalı faciəsi zamanı həlak olmuş soydaşlarımızın ailələləri həmişə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir.
İraqın fövqəladə və səlahiyyətli səfiri Fadhil Awad Al-Shuwaili, Sudan səfirliyinin müşaviri Awadia Ahmed Yahya çıxış edərək Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş böyük hərbi cinayət olduğunu bildirib, təmsil etdikləri ölkələrin Xocalı faciəsini soyqırımı kimi tanıdıqlarını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıblar.
Dərsdə Tarix və coğrafiya, Filologiya, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültələrinin tələbə-gənclərindən ibarət “Coğrafiya”, “Tarix”, “Filologiya”, “Musiqi” qruplarının Xocalının tarixi, coğrafi ərazisi, Xocalı soyqırımı, ədəbiyyatımızda, incəsənətimizdə Xocalı mövzusu, həmçinin bir xalq, millət olaraq siyasi və strateji hədəflərimizlə bağlı təməl və tədqiqat sualları əsasında təqdimatları dinlənilib.
Tədbirdə Xocalı soyqırımının şahidi olmuş Fituhat Məmmədova çıxış edərək faciə ilə bağlı acı xatirələrini bölüşüb.
Yazıçı Elxan Elatlı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu çıxış edərək Xocalı soyqırımı zamanı ermənilərin törətdikləri vəhşilikləri konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, bu dərs hamımız üçün gözəl bir nümunədir. Belə dərslər milli duyğularımızı, vətənpərvərlik hisslərimizi gücləndirir. Qələbə günü yaxındadır. Bu qələbə gününü yaxınlaşdıran Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyən hərbçilərimiz, diplomatlarımız, ziyalılarımızdır. Bu, böyük bir ordudur. Müəllimlər də bu ordunun nümayəndələridir. Biz gənc nəsli savadlı, bilikli, bacarıqlı, vətənpərvər yetişdirməliyik. “Öncə Vətəndir!” bizim həyat amalımız, fəaliyyət devizimiz olmalıdır.
Tədbirin sonunda hazırladıqları təqdimatlara görə qruplara sertifikatlar təqdim edilib.