Təhsil naziri Emin Əmrullayev təqaüddə olmalarına baxmayaraq, "Dərs vaxtı" layihəsində könüllü iştirak edən müəllimlərimiz - Nüşabə Məmmədova və Qita Veyseyskayaya təşəkkür məktubu ünvanlayıb. Nazir bu barədə rəsmi "Facebook" səhifəsində belə qeyd edir: 

 

"Bildiyimiz kimi, başa çatmasına bir neçə gün qalan 2020-ci il ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə "Könüllülər ili" elan edilmişdi. Pandemiya şəraiti olmasına baxmayaraq, ölkəmizdə müxtəlif sahələrdə  könüllülük hərəkatı geniş vüsət aldı. Bu sırada Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan müəllimlərimiz kimi arxa cəbhədə övladlarımıza könüllü dərs deyən pedaqoqlarımız da oldu.

 

Bu ilin martından teledərslərin hazırlanması prosesinə könüllü  qatılan,  gənclərə örnək olan müəllimlərdən ikisi barədə danışmaq istərdim. Müəllimlərimiz Nüşabə Məmmədova və Qita Veyseyskaya təqaüddə olmalarına baxmayaraq,  könüllü şəkildə teledərslər vasitəsilə şagirdlərimizə dərs deyiblər. Özü də bu işi sevə-sevə, ürəklə, yüksək keyfiyyətlə görüblər.

 

Çətin vaxtlarda hər iki müəllimimiz sözün əsl mənasında fədakarlıq nümayiş etdiriblər. Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunan hörmətli müəllimlərimizə dəyərli əməkləri, göstərdikləri səylər üçün bir daha  dərin təşəkkürümü bildirirəm".