Nilufər Cəlilova: "MGİMO-ya qəbul olmaq karyeramın inkişafı üçün böyük bir addımdır"
Məlumdur ki, qloballaşan dünyada hər bir ölkənin gələcəyi hərtərəfli inkişaf etmiş, yüksək səriştə və bacarıqlara malik insan kapitalının formalaşdırılmasından bilavasitə asılıdır. Bu hədəflərə çatmaq üçün artıq bir neçə ildir ki, ölkəmizdə gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almasını nəzərdə tutan bir sıra dövlət proqramları, layihələr reallaşdırılır. Onların arasında müxtəlif ölkələrlə ikitərəfli razılaşmalar əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramlarını da göstərmək olar. Son illərdə minlərlə azərbaycanlı gənc bu proqramlardan yararlanmaq imkanı qazanıb.
Tanıtım. Nilufər Vahid qızı Cəlilova 2002-ci ildə Bakıda anadan olub. 2009-cu ildə 20 nömrəli məktəb-liseyə daxil olub və 2020-ci ildə bu təhsil müəssisəsini bitirib. 2020-ci ildə Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MGİMO) bakalavr pilləsinə qəbul olub.
Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ili üçün həyata keçirilmiş Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrdən biri də Nilufər Cəlilovadır.
- Orta məktəbdə hansı fənlərə daha çox maraq göstərirdiniz? Məktəb illərində hansı uğurlarınızı (müsabiqə, olimpiadalar və s.) qeyd edə bilərdiniz?
- Mən bütün fənləri eyni dərəcədə sevmişəm, amma ən xoşladığım fənlər humanitar elmlər olub. Məktəb illərində bir çox müsabiqələrdə iştirak etməyə həvəsim böyük olub. Xüsusi ilə məktəb tədbirlərində şeirlər söyləmişəm, plakat çəkmişəm, inşa yazmışam, müxtəlif viktorinalarda iştirak etmişəm. Bir sıra müsabiqələrdə birinci yerləri tutub, sertifikatlar və diplomlara layiq görülmüşəm.
- Hökumətlərarası Təqaüd Proqramının təqaüdünü qazanmısınız. Belə bir proqramın yaratdığı imkanları bir gənc olaraq necə qiymətləndirirsiniz?
- Bəli, bu il proqrama qəbul olunmuşam. Proses çox maraqlı idi. Heç bir çətinlik çəkmədim. Düşünürəm ki, bu təqaüdü qazanmaq hər bir gənc üçün böyük bir şansdır. Təqaüd sayəsində valideynlərimdən maddi olaraq asılı olmadan ali təhsilimi uğurla başa çatdıra biləcəyəm.
- Zəhmət olmasa, ixtisas istiqamətiniz və seçdiyiniz ali məktəb barədə məlumat verərdiniz?
- Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti beynəlxalq profilli mütəxəssislərin hazırlanması üzrə nüfuzlu universitet mərkəzlərindən biridir. Mən MGİMO-nun Beynəlxalq münasibətlər fakültəsini seçmişəm. MGİMO beynəlxalq münasibətlər ixtisas hazırlığı istiqaməti üzrə bu il qlobal reytinqdə ən nüfuzlu 100 universitet sırasında yer alıb. Ali məktəbin məzunları yüksəkhazırlıq səviyyəsi ilə seçilir və bir sıra dövlət qurumlarında aparıcı yerlərdə təmsil olunurlar.
- Təhsil aldığınız universitetdə tədris prosesinin təşkili barədə nə deyə bilərsiniz? Pandemiya ali məktəbin işinə necə təsir edib?
- Pandemiya Rusiyanın bir sıra ali təhsil müəssisələri kimi MGİMO-nun da tədris prosesinə təsir edib. Noyabra qədər universitetdə tədris əyani idi. Tələbələr və müəllimlər maska geyinirdi və məsafə saxlayırdı. Amma Moskvada yoluxma hallarının artması ilə əlaqədar distant təhsilə keçdik. Bir sıra əcnəbi professorların mühazirələri də artıq distant formatda davam etdirilir.
- Siz xaricdə təhsil üçün MGİMO-nu seçmisiniz. Rusiya və postsovet məkanında nüfuzlu ali məktəbin tələbəsi olmaq sizə hansı hissləri yaşadır?
- MGİMO-nun tələbəsi olmaq mənə sevinc hissləri bəxş edir. Belə bir universitetdə təhsil almağım həm mənim üçün, həm də ailəm üçün böyük şərəfdir. Mənim atam vəkildir, o, məni bu sahəyə həvəsləndirib, maraq aşılayıb. Mən həmişə beynəlxalq münasibətlərlə maraqlanmışam və bu universitetə qəbul olmaq mənim arzum olub. Həmçinin, mən bu nüfuzlu ali təhsil müəssisəsinin tələbəsi olmağımla fəxr edirəm, çünki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini bitirib. Bu, mənim üçün böyük fəxrdir.
- Bilirsiniz ki, Azərbaycan hazırda özünün şərəfli tarixini yaşayır. Torpaqlarımızın işğaldan azad olunması və böyük Qələbəmiz barədə nə deyə bilərsiniz?
- Bu, doğrudan da böyük qələbədir. Çox böyük qürur hissi duyuram ki, 28 il sonra nəhayət, doğma torpaqlarımız azad edildi. Bunun üçün bütün xalqımı səmimi qəlbdən təbrik edirəm! Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu yolda canlarını qurban verərək Şəhidlik zirvəsinə yüksəlmiş bütün hərbiçilərimizə Allahdan rəhmət diləyirəm.
- Gələcək plan və hədəfləriniz barədə nə deyə bilərsiniz?
- MGİMO-ya qəbul olmaq karyeramın inkişafı üçün böyük bir addımdır. MGİMO-nun sayəsində xarici dilləri öyrənəcəyəm, gələcəkdə xarici ölkələrdə səfirliklərdə işləyəcək və Azərbaycanı qürurla təmsil edəcəyəm.
- Müsahibəyə görə minnətdarlığımızı bildirir və uğurlar arzulayırıq!
Oruc MUSTAFAYEV