Müəlliminin bir sözü ilə qərarını dəyişdi, GENERAL oldu


1988-ci ildə “Ermənilər Topxana meşəsini qırır”, - xəbərinin əks-sədası bütün Azərbaycanı silkələdi. O vaxt xalqı ayağa qaldıran ermənilərin Qarabağ meşələrində törətdiyi ağac qətliamı idi. Azərbaycan türkləri o qalxan qalxdı və dövlət müstəqilliyi üçün də, torpaqları uğrunda da eyni vaxtda savaşdı. 2020-ci il iyul ayı. Azərbaycan türkləri yenə meydandadır. Tovuzda qüruruna toxunan hadisə baş verib -  generalı şəhid olub. Ayağa qalxdı, şəhidini adına layiq qəbul etdi. Düyünlənən dəmir yumruq düşmənin başını əzdi. 29 il əvvəl dekabrın 10-da “referendum” keçirib müstəqilliyini elan edənlərə xalq öz yerini göstərdi. Zəfər yürüşünə “Zəfər paradı” ilə damğa vurub düşmənə göz dağı verdi.

 

Beləliklə, birinci Qarabağ savaşını alovlandıran qığılcım Şuşa ətrafındakı Topxana meşəsiydisə, 44 günlük Vətən müharibəsinin qığılcımı da general Polad Həşimovun şəhadəti oldu. Hər gəncin dilində onun adı, hər igidin ürəyində onun qisası vardı. Məhz ona görə də, müharibənin ilk günlərində  üstünə əliyalın şığıyıb düşmən generalını boğan Azərbaycan Ordusunun əsgəri Cəbrayıl Dövlətzadənin bu hərəkəti kimsədə təəccüb doğurmadı.

 

Polad Həşimovun anası oğlunun qisası alındı xəbərinə məhz general anasına yaraşan tərzdə reaksiya verdi. O, oğlunun qisasını düşmənin qiyamətinə, bütün torpaqların geri alınacağı günə saxlamışdı. Prezident İlham Əliyev böyük qələbədən sonra general Polad Həşimova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi qərarına imza atdı.

 

 

Azərbaycanın Milli Qəhrəmanı, ŞƏHİD GENERALIMIZI özünün doğum günü ərəfəsində ailəsi və müəllimi ilə qürurla anırıq.

 

 

Məktəbdən məktəbə

 

Pereküşküldən Murova, Tovuzdan Qusara getdi. Sumqayıtda qısa sürən hərb yolu Daşkəsənədək uzandı. Ancaq ön cəbhədə xidmət etdi sərkərdə Polad Həşimov. Biz onu səngər-səngər gəzən sərkərdə, elə səngərdə də şəhadətə ucalan general kimi tanıdıq. Sən demə, uşaqlığında da bir yerdə bənd almayıb. Ancaq dəcəlliyindən yox, taleyin yazısından bu məktəbdən o məktəbə dəyişib.

 

Polad 7 yaşı tamam olmamış məktəbə gedib. İbtidai sinfi Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə oxuyub. Səyyarə Hüseynova onun söz, rəqəm, işarə dünyasına gedən yolda bələdçisi olub: “Polad Həşimov deyəndə gözlərimin önünə gözlərini qıyıb mənə baxan kiçik Polad gəlir. Böyüklüyü mənim yaddaşımda yoxdu. Düzdü, böyüyəndən sonra da görmüşdüm. Amma onun adı gələndə xəyalımda balaca Poladın üzü canlanır. Poladgilin sinfi mənim ilk birincilərim idi. Zahirən yaşıdlarından fərqlənmirdi, ancaq əqli cəhətdən çox fərqliydi. Çox gözəl xətti vardı. Əlindən tutub hansısa hərfin yazılışını göstərmədim. Yazı lövhəsində yazırdım, bu, onun üçün kifayət edirdi. Götürümlüydü. Bir dəfə deyirdim, təkrara ehtiyac qalmırdı. Çox gözəl rəsmlər çəkirdi. Qabiliyyətliydi.  Sinifdən sinfə əla qiymətlərlə keçirdi. Məktəbimizdə oxuduğu müddətdə hər il “Şərəf lövhəsi”ndə şəkli olub”.

 

Polad Həşimov məktəbi bitirənə qədər Sumqayıtda 13-cü mikrorayonda yeni məktəb tikilib. Atası onu yeni tikilən 33 nömrəli məktəbə dəyişib. İki ilə məktəb bir az da yaxına gəlib. 33 nömrəli məktəbin uşaqları iki məktəb arasında bölüşdürülüb. Həmin bölgüyə əsasən Polad Həşimov təhsilinə 34 nömrəli məktəbdə davam edib və burdan da məzun olub. 

 

Orta təhsilli Səmayə xanım həyat yoldaşı İsrayılla həyatı, uşaqların məsuliyyətini paylaşıb: “Atası təhsili, mən də tərbiyəsi ilə məşğul olmuşam. Cəzalandıran mən idim. Atası bir dəfə də incitməzdi onları. Ancaq hər axşam hər biri əlində gündəliyilə atalarının qarşısına çıxırdılar. 4 uşağın hər biri ilə məşğul olduğundan atası “Mən 5 dəfə məktəb oxuyub bitirmişəm”, - deyirdi. Ancaq həkim qapısı tanımayıb, uşaqların məktəbinə getmək nədir, bilməyib. Bu işlər mənim boynumda olub”.

 

Uşaqlığını doyunca yaşadı

 

Polad dəcəl uşağıydı. Ancaq anasının gözünə görünmürdü onun dəcəlliyi. Uşaq dəcəl olar, burda nə var ki?

 

İlham Həşımov ondan 2 yaş böyük qardaşı ilə bölüşdükləri hər anı xatırlayır: “Uşaqlığımız bir yerdə keçib. Küsmüşük də, barışmışıq da. Valideynlərimizdən xəbərsiz işlərimiz olub, çalışmışıq bir yerdə yoluna qoyaq. Pioner qalstukumuzu dəyişməyimiz yadıma düşür. Qırış qalstukla məktəbə buraxmırdılar. Mən də yolda onu gözləyirdim. Növbəli oxuduğumuzdan qalstuku da növbəli taxdığımız vaxtlar çox olub”.

 

İcazəsiz  çimməyə gedib, bunu da evdəkilərdən gizlətməyə çalışıblar. Ancaq: “Çox vaxt gizlədə bilmirdik. Yaxşıca danlanırdıq. Bakıda dənizə, kənddə də çaya qaçıb gedirdik. Günorta gedirdik, axşamacan çimirdik. Yeni uşaqlar gəldikcə biz də onlara qoşulub daha çox qalırdıq. Nəticədə də çimdiyimizi gizlətmək mümkün olmurdu”.

 

Kəmalə Həşimova da qardaşı ilə çox divar aşıb, qonşu bağa girib. Elə həmişə divar belində, ağac başında olmayıblar. Yerdə aşıq-aşıq, masada şahmat da oynayıblar: “Poladla yaş fərqimiz az idi. Çox dəcəl, hiperaktiv idi, mən də o qədər sözəbaxan deyildim. Ona görə sözümüz yaxşı tuturdu. Ailədə mən ikinci, o üçüncü övlad idi. Ondan balaca olan İlhamın marağı yox idi, ancaq mən Poladla nərd oynayırdım. Özündən öyrənmişdim. Kənddə babamın, nənəmin yanında böyüdüyüm üçün  bir az da oğlansayaq idim. Poladla nərd, şahmat, hətta aşıq-aşıq oynayırdıq. Kibrit qutularından kəsib hazırladığımız kağızlarla oyunlar qururduq. O, küçədə oynamağı daha çox sevirdi. Özü də ayaqyalın gedirdi. Bacımla evi təmizlədiyimiz üçün onu evə buraxmaq istəmirdik. Ayaqyalın oynadığı üçün çirk içində gəlirdi evə. Qapıda saxlayır, blokda ayaqlarını yuduzdurur, sonra evə  buraxırdıq. Anam tapşırırdı evdən çıxmayın, dərsinizi oxuyun deyə. Biz üçümüz deyilənə əməl etsək də, o, heç vaxt evdə qalmır, mütləq çıxır, oynayıb qayıdırdı. Kənddə də maraqlı, əyləncəli günlərimiz olub. Şalvarın balağını dizinə qədər çirməyirdi. Evimizin yaxınlığından çay axır. Bir dəfə çoxlu çay balığı tutub gətirmişdi. O gətirənə qədər çay balığı necə olur, görməmişdik. Biz elə bilirdik ki, balıqlar balacadı, hələ böyüməyib. Ona görə də qızartmaq istəmirdik. Bizi məcbur edib o balıqları qızartdırıb yedi. İstədiyini bizə etdirirdi. Uşaqlağını doyunca yaşadı”.

 

 

17 yaşında birdən-birə böyüyüb...

 

“Ancaq 17 yaşında hərbi məktəbə daxil olmaqla bir anda böyüdü elə bil”, - deyir bacısı. 18 yaşını səngərdə, Ağdamın Mərzili kəndində qeyd edib. Onda hələ birinci kurs tələbəsi idi: “Dekabr ayında onları səngərə aparmışdılar. 1992-ci ildə ağır günlər idi. 17 yaşında birdən-birə 57 yaşında kişi oldu. Bununla onun hiperaktivliyi də, dəcəlliyi də bitdi”.

 

Müəlliminin bir sözü ilə...

 

Bəs, necə oldu o, hərbi məktəbə getdi. Axı anası Səmayə xanımın dediyinə görə o, hüquq fakültəsinə hazırlaşırmış. Ana oğlunu hüquqşünas görmək istəyib. Oğlu da anasının diləyini yerinə yetirəcəkmiş. Belə məlum olur ki, hər şeyi  Habil müəllim  dəyişir. Poladın tarix müəllimi onun gələcəyinə, karyera planlarına fərqli yön verib. Müharibə gedən, ərazi bütövlüyü böyük təhlükə altında olan bir ölkənin tarix müəllimi Habil müəllim sevimli şagirdinin qərarına təsir edib. “İndi oğul ona deyirəm ki, hərbçi olsun”, - deyə şagirdlərinə istiqamət verib. Bu yolu sadəcə bir nəfər - Polad Həşimov qəbul edib: “Habil müəllim onu çox istəyirdi. O da müəllimini sevirdi. Tarixi yaxşı oxuyurdu. Ümumiyyətlə, məktəbdə tarixi riyaziyyatdan ayırmaz, fənlərin heç birindən qaçmazdı”.

 

Müharibədən başlayan hərb yolu


Ana tələbə oğlunu tək xatırlamır. Çünki həftəsonu ailəsinə gələn Polad heç tək olmurdu: “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyub. Məktəbdə qalır, həftəsonu evə gəlirdi. Həmişə də yoldaşı ilə. Burda qalır, məktəbə də birlikdə dönürdülər. Gedəndə ikisinə də xərclik verirdim. Özü də “Poladın anası ona pul verdi”, - deyib nisgil çəkməsin deyə pulu məhz dostu Yaşara verirdim”.

 

Ancaq Polad dostugilə, sadəcə bir dəfə, onun toyunda gedib. Səbəbini Səmayə xanım belə izah edir: “Başqa yerdə qalmağı xoşlamırdı. Utancaq, çəkingən idi. Hara getsə, mütləq evə qayıdırdı”.

 

Tələbə Polad zabit olandan sonra da dəyişməyib. Murovda işləyəndə Bakıda kurslara cəlb edilib. Yenə ailəsinin yanına dostu, yoldaşıyla gəlib: “Beyləqandan onunla birlikdə kursa gələn yoldaşını hər dəfə özü ilə evə gətirir, təlim müddətində burda birgə qalırdılar. Çünki təlimlər qısamüddətli olduğundan dostu kirayə ev tuta bilmirdi”.

 

 

Hərbi məktəbdə oxuyan böyük qardaşı ilə bağlı İlhamın da maraqlı xatirələri var: “Polad 17 yaşından müharibədə iştirak edib. Tələbəliyində ailəmlə qardaşımın arasında əsas rabitə vasitəsi mən idim. Poladdan xəbər tutmaq istəyəndə məni göndərirdilər. Hərbi məktəbə çox gedib-gəlmişəm”.

 

Bu gediş-gəliş qardaşı zabit olanda da davam edib: “Maşınla aşdıq bir dəfə. Heç kimə deməmişdik, sonradan bildilər. Onun xidmət etdiyi yerdən qayıdanda qəzaya düşdük. Ümumiyyətlə, bir neçə dəfə  tanrı onu ölümdən qurtarıb. Axır şərəfli ömrünü belə başa vurdu”.

 

“Oğlumu general qiyafəsində ilk və son dəfə gördüm”

 

Bacısı deyir ki, 2 il hərbi məktəbdə oxudu. Sonra sürətləndirilmiş kurslara göndərdilər. Çünki Azərbaycan Ordusu qurulurdu, milli zabitlərə ehtiyac vardı. “Sıfırdan ordu qurulurdu. O illərdən indiyədək çəkilən şəkillərində əynindəki hərbi formalar dəst deyil. Nə tapıb onu geyinib. Çox ağır şəraitdə işləyib. Sadəcə canını yox, əlindəki bütün imkanları orduya qoyub. İşlədiyi hərbi hissələrdəki çatışmazlıqları məhz öz imkanları hesabına həll etməyə çalışıb. Hətta ailəmizin ona aldığı “Niva ” markalı maşınını satıb əsgərlər üçün yeməkxana tikdirmişdi”.

 

Səmayə xanım onun səngərlərdən çıxmağını, Bakıda işləməyini arzulayırdı:

 

 

“Atası rəhmətə gedəndə Polad Qusardaydı. Gəlib çatana qədər çox stres keçirdi. Onu gözləyək deyə yol boyu bir neçə dəqiqədən bir zəng edirdi. Mənim də qorxularım vardı. Ölərəm, uşaqlar onu tapmaz, gəlib məni görə bilməz deyə nigarançılıq keçirir, artıq Bakıda işləməyini istəyirdim. Polada da onu daha çox görmək, yanımda olmağını istədiyimi deyirdim. Onu general paltarında cəmi bir dəfə gördüm. 1 il əvvəl rütbə alanda forması əlində gəlib “bunu sənə gətirmişəm” - dedi. Bir dəfə də tədbirə gəlmişdi. Oğlumu general qiyafəsində ilk və son dəfə onda gördüm”.

 

 

Şəhid generalımız

 

Kəmalə Həşimovaya bəzən elə gəlir ki, qardaşının sonunu dəyişə bilərdi: “Şəhadətindən sonra çox düşündüm ki, keşkə onu qayıtmağa qoymasaydıq. Hərbi müəllim kimi çalışar və gələcək hərbçilərin yetişməsində müstəsna rol oynaya bilərdi. Ancaq görünür, taleyinə xalq qəhrəmanı olmaq yazılmışdı. Bu günlərdə cəbhədən qayıdan 24, 25 yaşında cavan uşaqlar gəlir evimizə. Hər biri “Generalımın qisasını almağa getmişdim”,- deyir. Heç kim onun adını demir, sadəcə “generalım” deyirlər. Bunları gördükcə onun səngərdə keçən ömrünün hədər getmədiyini düşünürəm”.

 

Polad Həşimov peşəkar zabit idi. Hərb sənətinə vaqif olmasıyla yanaşı, həm də gözəl insan idi. İllər keçdikcə rütbəsi kimi, qazandığı sevgi də böyüyürdü. Ən keçilməz yollardan keçib yüksəldi. Bu da nəticəsi. “Kiçik həyətimizə on minlərlə insan yığışmışdı. Axırıncı dəfə 90-cı illərdə gördüyüm o izdihamı bir də öz həyətimizdə - Polad şəhadətə ucalanda gördüm”, - deyir Kəmalə Həşimova.

 

 

 

General Polad Həşimov! Qisasın alındı,  rahat yat! Yolunu yolu bilənlər olduqca yaşayacaqsan! Doğum günün mübarək, milyonların generalı!

 

Ruhiyyə DAŞSALAHLI