Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Təhsil Nazirliyi və Ombudsman Aparatı arasındakı əməkdaşlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə insan hüquqlarına dair mühazirə, konfrans, seminar, “Dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir.
“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.
Aylıq çərçivəsində "Hüquqlarımızı bilək”, “İnsan hüquqları”, “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”, "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda şagirdlərlə söhbətlər aparılır.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır.
Mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin, insan və vətəndaş hüquq, azadlıqlarının qorunması, ona əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulur.
Eyni zamanda, tədbirlərdə insan hüquq və azadlıqlarına həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılır.