Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Görüşün qonağı 44 günlük Vətən müharibəsinin iştirakçısı, “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinov olub.

 

Microsoft Teams platforması üzərindən online formatda “Tarixi Zəfər” mövzusunda keçirilən görüşün moderatoru MDU-nun rektoru Şahin Bayramov Vətən müharibəsində canından və qanından keçmiş şəhidlərmizin xatirəsinin uca tutulması, onların adlarının əbədiləşdirilməsi, cəsur əsgər və zabitlərimizin şücaətlərinin yüksək qiymətləndirilməsi, qəhrəmanlıqlarının təbliği istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib.

 

MDU-nun “Peşəkarla görüş” layihəsinin növbəti qonağı qismində “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinovun iştirak etməsindən böyük məmnunluq və qürur hissi keçirdiyini bildirən rektor görüşün əsas məqsədinin mingəçevirli qəhrəman zabitin keçdiyi şərəfli döyüş yolu, göstərdiyi igidlik və vətənpərvərlik nümunəsi, hərbi peşəkarlığı və digər müsbət keyfiyyətləri barədə tələbə gəncləri məlumatlandırmaq, onların vətənə, xalqa, dövlətə bağlı, layiqli vətəndaş kimi yetişdirilməsi işinə töhfə vermək olduğunu vurğulayıb.

 

Prezidentin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi igidlik və mərdliyə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməsi münasibətilə E.Şirinovu  təbrik edən Ş.Bayramov dəvəti qəbul edib görüşdə iştirak etdiyi üçün ona təşəkkürünü bildirib.

 

Səmimi dialoq şəraitində keçən görüşdə E.Şirinov tarixi qələbənin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, göstərdiyi güclü siyasi iradənin misilsiz rolundan və qəhrəman Azərbaycan Əsgərinin rəşadətindən bəhs edib.

 

Vətən Müharibəsinin otuz illik yurd həsrətinə son qoyulması ilə nəticələnməsindən yüksək qürur hissi duyduğunu bildirən E.Şirinov işğal altında olan torpaqların azad edilməsinin şəhidlərin və qazilərin böyük fədakarlığı, qəhrəmanlığı sayəsində mümkün olduğunu diqqətə çatdırıb.

 

Füzulidən başlayaraq Şuşanın azad olunmasınadək şərəfli döyüş yolu keçən E.Şirinov qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsində şəxsi heyətin, eləcə də həkimlərin göstərmiş olduğu qəhrəmanlıqdan bəhs edib. Ali Baş Komandanın yüksək sərkərdəlik məharətindən, onun cəsarətli çıxışlarından, xalqın mənəvi dəstəyindən, haqq-ədalətin tərəfimizdə olmasından və doğma Qarabağın səfalı təbiətindən ilham alaraq hər zaman yüksək vətənpərvərlik, mübarizlik ruhu ilə döyüşlərə qatıldığını bildirən mayor qələbəyə gedən yolda bu amillərin əhəmiyyətini xüsusi vurğulayıb.

 

2020-ci ilin 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradında iştirakı ilə bağlı təəssüratlarını bölüşən E.Şirinov Müzəffər Azərbaycan Ordusunun qalib zabiti kimi torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş hərbiçilərimizlə bir sırada Azadlıq meydanında üzüağ, alnıaçıq və qürurla addımlamaqdan keçirdiyi fəxr hissindən danışıb.

 

Vətənpərvər olmaq üçün vətəni sevməyin və vəzifə borcunu layiqincə həyata keçirməyin gərəkli olduğunu vurğulayan qəhrəman zabit bugünün tələbəsi, sabahın əsgərləri olacaq gənclərə peşəkar hərbçi olmağın başlıca şərtlərindən danışıb, onlara daim öz bilik və bacarıqlarını artırmağı tövsiyə edib.

 

Sonda E.Şirinov gənclərdə yüksək mənəvi keyfiyyətlər və peşəkarlıq bacarıqları aşılayan belə bir layihənin həyata keçirilməsinə görə MDU rəhbərliyinə təşəkkürünü bildirib.