Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev son 17 ildə ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş xəttinə çıxarıb. Milli maraqları hər şeydən üstün tutan İlham Əliyev qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacarıb.
Bu sözləri AZƏRTAC-a Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov söyləyib.
Rektor bildirib ki, müasir dövrün dünya liderləri arasında özünəməxsus mövqeyi olan İlham Əliyevin siyasi, iqtisadi, diplomatik, qlobal və digər sahələri əhatə edən genişmiqyaslı nailiyyətləri və Azərbaycan adına bağlı fundamental uğurları barədə çox danışmaq olar. Lakin fikrimizcə, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbə öz tarixi əhəmiyyətinə və siyasi çəkisinə görə bütün digər nailiyyətlərdən ciddi şəkildə fərqlənir.
Xain və azğınlaşmış düşmənin bu il sentyabrın 27-dən başlayan növbəti təxribatına İlham Əliyevin Ali Baş Komandanlığı altında layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri əsl rəşadət nümayiş etdirdi. Birmənalı olaraq, məhz Prezidentin güclü siyasi iradəsi, böyük uzaqgörənliyi, tükənməz qətiyyəti və yüksək sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qalib gəldik.
Şahin Bayramov qeyd edib ki, müasir tariximizin şanlı səhifələrini yazan dövlətimizin başçısı xalqımızın 30 illik həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və özgə torpaqlarına göz dikən düşmənə layiq olduğu zərbəni endirdi. Bununla da, tarixi zəfərin memarı olan İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına Qalib Xalqın Qalib Lideri olaraq əbədi yazdı.
“Əminliklə söyləmək olar ki, bu il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən və Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı Azərbaycan xalqının qüdrətini, Azərbaycan Silahlı Qüvvələrinin gücünü, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyini və İlham Əliyev şəxsiyyətinin böyüklüyünü bütün dünyaya bir daha nümayiş etdirdi.
Şuşanın düşmən işğalından azad olunduğu 8 noyabr tarixini Azərbaycan tarixinə Zəfər Günü kimi həkk edən dövlətimizin başçısı dünyanın bir çox mötəbər tədbirlərinin tribunalarında çox böyük qürurla səsləndirdiyi “Qarabağ Azərbaycandır!” şüarını həm döyüş meydanında, həm də diplomatik danışıqlar müstəvisində əldə etdiyi şanlı qələbələrlə bir daha təsdiqlədi. Bununla da, Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” ifadəsini bütün dünya azərbaycanlıları üçün milli qürur, fəxarət, birlik və həmrəylik çağırışına çevirmiş oldu”, - deyə Mingəçevir Universitetinin rektoru bildirib.