Mingəçevir Dövlət Universitetinin (MDU) iqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Dağlar Babayev Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ Azərbaycandır! Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”nda “Pandemiya dövründə könüllülük” kateqoriyası üzrə “İlin könüllüsü” mükafatı ilə təltif olunub.

 

D.Babayev “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “COVID-19” infeksiyasına qarşı mübarizə tədbirlərində, həssas kateqoriyadan olan ailələrə sosial xidmətlərin göstərilməsində, pandemiya ilə bağlı maarifləndirmə fəaliyyətində və digər layihələrdə RİİB könüllüsü olaraq yüksək fəallıqla iştirak edib.

 

Məlum olduğu kimi, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan edilib.

 

Qeyd edək ki, MDU tələbələrin könüllülük fəaliyyətinə fəal cəlb olunmasına böyük önəm verir və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsini diqqət mərkəzində saxlayır.