Tədbir “Rusiyaşünaslıq” Elmi Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə baş tutub


Azərbaycan Dillər Universitetində (ADU) “Rusiyaşünaslıq” Elmi Tədqiqat Laboratoriyasının (ETL) təşkilatçılığı ilə 6 iyun-Beynəlxalq Rus dili Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

 

ETL-nin müdiri Məmməd Əliyev Beynəlxalq Rus dili Gününün rus şairi, dramaturq və nasiri A.Puşkinin anadan olması münasibətilə yarandığını qeyd edib.  Rəhbərlik etdiyi laboratoriyanın fəaliyyəti haqqında danışan M.Əliyev bildirib ki, laboratoriyada rus dili, Rusiya mədəniyyəti, tarixi, etnoqrafiyası, incəsənəti, psixologiyası və s. təbliğinə böyük önəm verilir.

 

Daha sonra çıxış edən ADU-nun elmi məsələlər üzrə müşaviri, professor Seyfəl Hüseynov rus şairi A.Puşkinin yaradıcılığı haqqında geniş məlumat verib. O, “Rusiyaşünaslıq” ETL-nin rus dili və mədəniyyətinin təbliğində təqdirəlayiq fəaliyyətini yüksək qiymətləndirib.

 

Azərbaycanda “Rossotrudnicestvo”nun nümayəndəsi Aleksandr Kalamin, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Yeronin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim İbrahimov, həmçinin ADU-nun təhsil fakültəsi nəzdində “Xarici dillər” kafedrasının müəllimi, dosent Zülfinaz Babaşova Beynəlxalq Rus dili Gününün tarixi, rus dilinin beynəlxalq səviyyədə əhəmiyyəti, dilin təkamül mərhələsi və hazırki vəziyyəti haqqında danışıblar.

 

“Dəyirmi masa” müzakirələrlə yekunlaşıb.