Naxçıvan Dövlət Universitetində (NDU) “Elektron kitabxanaların təşkili və formalaşması problemləri” adlı onlayn respublika elmi konfransı keçirilib.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, elektron kitabxanalarda informasiya texnologiyalarının tətbiq edilməsi istifadəçilərə dünya informasiya məkanına daxil olmaq baxımında daha geniş imkanlar yaradır. Rektor bildirib ki, kitabxana fəaliyyətinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub.
“M.F.Axundzadə adına Azərbaycan milli kitabxanasının biblioqrafik verilənlər bazaları” adlı çıxışında Bakı Dövlət Universiteti (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov bildirib ki, Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, hətta bütün dünyada tanınan ən böyük milli kitabxanalardan biridir. Məlumat verilib ki, kitabxana 2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu alıb ki, bu da kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva “Mərkəzin elektron resursları və elektron xidmətlər haqda” çıxışında vurğulayıb ki, UNEC Kitabxana İnformasiya Mərkəzi 2019-cu ildə Əsaslı kitabxananın bazasında yaradılıb. Diqqətə çatdırılıb ki, mərkəz universitetin tədris prosesinə, elmi-tədqiqat və innovativ fəaliyyətinə uyğun olaraq fondunu Azərbaycan, ingilis, rus və türk dillərində kitab, kitabça, jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat və digər kitabxana-informasiya resursları ilə formalaşdırır.
NDU-nun Elmi Kitabxanasının direktoru Fariz Əhmədov bildirib ki, kitabxanaya üzv olan hər bir oxucu elektron kataloq vasitəsilə kitabxanaya gəlmədən kitabxana@ndu.edu.az emaili vasitəsilə kitab, jurnal və qəzet sifariş verə bilər. Oxucular sorğularına uyğun kitabı sifariş verdikdən 2 saat sonra onların sorğuları təmin edilir. Əgər oxucunun axtardığı çap materialı kitabxana fondunda yoxdursa, başqa kitabxanaların fonduna sorğu göndərilərək ən qısa zamanda oxucunun sorğusu təmin edilir.
“Azərbaycan elminin inkişafında elektron kitabxanaların rolu” adlı çıxışında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Elmi Kitabxanasının direktoru Sahab Əliyeva elektron kitabxanalardanı, mövcud resurslardan istifadə qaydaları haqda ətraflı məlumat verib.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Elektron kitabxanaların yaradılmasının proqram və texniki təminatı” adlı çıxışında bildirib ki, avtomatlaşdırma prosesini həyata keçirmək üçün ilkin olaraq proqram təminatı seçilməlidir. Seçim zamanı mövcud proqram təminatı analiz olunmalı və onun içərisindən ən optimalı müəyyənləşməlidir.
Konfrans “Elektron kitabxanaların müasir inkişaf istiqamətləri” adlı bölmə iclası ilə davam edib.