Təhsil Nazirliyinin “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində “Qəhrəmanını tanı” devizi altında onlayn şəkildə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Oyunun keçirilməsində məqsəd gənclərə vətənpərvərlik hissinin və vətəndaşlıq mövqeyinin aşılanması, tariximizə, milli-mənəvi dəyərlərə hörmət hissinin təbliği, torpaqlarımızın azadlığı uğrunda igidlik nümunəsi göstərmiş qəhrəmanlarımızın tanıdılması, şagirdlərdə intellektual səviyyəni, dünyagörüşünü stimullaşdırmaq və peşə təmayüllü siniflər arasında ünsiyyət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir.
İntellektual oyunda respublika üzrə 25 məktəb iştirak edib. Nəticələrə əsasən, I yeri Bakı şəhəri 234 nömrəli tam orta məktəbin “Qarabağ” komandası, II yeri Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Yurd” komandası, III yeri Neftçala rayonu Xıllı 1 nömrəli tam orta məktəbin peşə siniflərindən ibarət komandası tutub. Qaliblərin Fəxri Fərman və xatirə hədiyyələri ilə mükafatlandırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Qəhrəmanını tanı” devizi altında “Nə? Harada? Nə zaman?” intellektual oyunu “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.