İyunun 6-da Məktəblilərarası II Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, bir sıra dövlət və özəl qurumların və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri, üzvləri, olimpiada qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dövlət Himni səsləndirildikdən sonra “İstək” liseyinin direktoru Samir Şəmiyev olimpiadanın keçirilməsi və təşkili haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, bu il Məktəblilərarası Robot Olimpiadasında iştirak edən məktəblilərin sayı artıb. Belə ki, olimpiadaya Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran və Şəki şəhərlərindən 200-ə yaxın şagird qatılıb.
Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov məktəblilər arasında keçirilən olimpiadanın əhəmiyyətindən danışıb. Azərbaycan məktəblilərinin beynəlxalq fənn və layihə olimpiadalarında, o cümlədən robototexnika sahəsində keçirilən olimpiadalarda uğurla təmsil olunduğunu diqqətə çatdıran nazir müavini şagirdlərin qazandığı nailiyyətlərdən danışıb.
Tədbirdə Məktəblilərarası II Robot Olimpiadasının gedişatını əks etdirən videoçarx nümayiş olunub.
4 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” və “Drone Racing” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş, Lənkəran, Şəki şəhərlərini təmsil edən 33 məktəbdən 200-ə yaxın şagird 86 layihə ilə çıxış edib. Layihələr Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, STEP Kompüter Akademiyası və “İstək” liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.
Məktəblilərarası II Robot Olimpiadası Təhsil Nazirliyi və "İstək" liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası (AREA), “Microsoft Azərbaycan” şirkəti, First Global, STEP Kiçik Kompüter Akademiyası və Mars Academi`nin tərəfdaşlığı ilə həyata keçirilib.