44 gün çəkən Vətən müharibəsində qəhrəmanlığı, şücaəti ilə seçilənlərin sırasında təhsil işçiləri də çoxdur. Müharibəyə qədər müəllim olan, əlindəki qələmi heç düşünmədən silaha dəyişən təhsil işçilərinin bu dəfə auditoriyası şagirdləri, tələbələri yox, millətimizə qarşı tarixən düşmən mövqeyi tutan erməni terrorçuları idi.

 

"Cəsur döyüşçü" Azər Babayev: “Yaralı olsam da döyüş əməliyyatını uğurla başa çatdırdım”

 

“Xüsusi təyinatlı” müəllim

 

Təzəkənd kənd natamam orta məktəbin çağırışaqədər hərbi hazırlıq müəllimi Azər Babayev müharibənin ilk günündən son saatlarınadək vuruşub. Orduya cəlb edilməsinin səbəbi ehtiyatda olan zabit olması olub. Belə ki, o, 2019-cu ilədək peşəkar hərbçi kimi fəaliyyət göstərib. 20 il xidmət edərək kapitan rütbəsinədək yüksəlib. Xüsusi təyinatlı qrupda fəaliyyət göstərən kapitan ehtiyata buraxıldıqdan sonra müəllimliyə başlayıb.

 

Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin məzunu olan A. Babayev əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, sonra  Azərbaycan  Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. Xaricdə kəşfiyyat kursları keçərək peşəkar hərbi kadr kimi yetişdirilib. Aprel döyüşlərinin də iştirakçısı olan kapitan 2019-cu ildə hərbi xidmətdən ehtiyata buraxılıb və Təzəkənd kənd 1 nömrəli tam orta məktəbində şagirdlərə hərbi bacarıqlar aşılamağa başlayıb. Ancaq Vətən müharibəsi ərəfəsində yenidən orduya cəlb edilib və müharibənin ilk günlərindən kəşfiyyat rəisi vəzifəsində xüsusi təyinatlı dəstəyə rəhbərlik edib. O, noyabrın 8-nə, yəni, yaralanadək verilən döyüş tapşırıqlarını canla-başla yerinə yetirib. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətindəki vacib yüksəkliklərin azad olunmasına yönələn bir çox döyüş tapşırıqlarının icrasına rəhbərlik edib.  Deyir ki, onların fəaliyyəti sırf nəticəyə yönəlib: “Düşmənlə yaxın məsafədə döyüşərək hərbi obyektləri uğurla ələ keçirib piyada qoşunlarımıza təhvil verir, başqa tapşırığı yerinə yetirmək üçün sürətlə irəliləyirdik”.

 

Döyüşlərin birində “şok atəşi” ilə ayağından yaralanıb: “Döyüşü mən idarə edirdim. Yaralandığımı əsgərlərə hiss etdirmədim. Bizim üçün əsas nəticədir. Nə olur-olsun, döyüş tapşırığı yerinə yetirilməli idi. Mən də yaralı olsam da, döyüşü davam etdirdim və əməliyyatı uğurla başa çatdırdım. Yalnız bundan sonra yaralanmağım barədə məlumat verdim. Məni təxliyə etdilər və hərbi hospitala yerləşdirdilər”.

 

Hazırda müalicəsi davam edən Azər Babayev müharibədən sonra da müəllimliyə davam edəcək: “Burda işimiz bitəndən sonra məktəbə qayıdacağam”.

 

Qeyd edək ki, Kapitan Azər Babayev Prezident İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

 

 

Cavid Güllərov: “Yaralanmağımın qorxusu yoxdu, əsas odur ki, torpaqlarımızı aldıq”

 

Döyüşmək arzum olub, arzuma çatdım

 

Cavid Qurbanzadə oğlu Güllərov Biləsuvar rayonunun  Zəhmətabad kəndində doğulub. İxtisasca tarix-coğrafiya müəllimi olsa da, məktəbdə hərbi rəhbər kimi fəaliyyət göstərib: “Şagirdlərimə həmişə deyirdim ki, torpaqlarımızı əvvəl-axır müharibə yolu ilə də olsa qaytaracağıq. Ona görə də şagirdlərimi hərbi hazırlıq dərslərində fəal olmağa çağırırdım. Hər zaman deyirdim, gələcək əsgərlərin özünü bu istiqamətdə yetişdirmələri çox vacibdir. Torpaqlarımızı biz geri aldıq. Birinci Qarabağ savaşında mən uşaq idim, 3-4 yaşım olardı. Torpaqlarımızı geri almaq, həmin döyüşlərdə iştirak eləmək arzum olub. Arzuma çatdım”.

 

Müxtəlif vaxtlarda Tərtər rayonunda, Gədəbəy rayonunda hərbi qulluqda olan Cavid müəllim 2020-ci ilin yayında Tovuz rayonunda baş verən təxribatdan sonra döyüşlərdə iştirak etmək üçün hərbi komissarlığa müraciət edib. Sentyabrın 21-dən xidmətə başlayaraq əks-hücum əməliyyatlarında iştirak edib. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, döyüş vaxtı qrup komandiri olub. Noyabrın 9-da Xocəvənd istiqamətindəki yüksəklik uğrunda döyüşdə yaralanıb: “Mərmi yağış kimi yağırdı üstümüzə. Ayağımdan, qolumdan yaralandım, ağır kəllə-beyin travması aldım. Yaralanmağımın qorxusu yoxdu, əsas odur ki, torpaqlarımızı aldıq”.

 

Yaralananda nə düşündüyünə, nə hiss etdiyinə gəlincə, o an belə Azərbaycan əsgəri özünü düşünmür: “Yanımda iki əsgərim şəhid oldu. O vəziyyətdə insan özünü düşünə bilmir. Hətta insanın ürəyinə elə hisslər hakim kəsilir ki, özüm şəhid olsam, ondan yaxşı olardı. Silahdaşlarımın yanımda şəhid olmasını heç unuda bilmirəm. Xüsusən, birlikdə döyüşə girəcəyimiz günü həvəslə gözləyən və məhz mənimlə olan döyüşdə şəhid olan gizirimi, Şuşa məscidində bir yerdə namaz qılacağımızı arzulayan əsgərimin ölümünü unutmaq çox çətindir”. 

 

Döyüşçü müəllim düşmənə qorxu verən qələbə soraqlı hücumlarının qürur verən nəticələrini də xatırlayır: “Azərbaycan Ordusu çox güclüdür. Düşmən bizdən qorxurdu. Elə ki, səngərlərinə girdik, qorxusundan əlində nə var atıb qaçır, bizimlə döyüşməkdən çəkinirdilər. Ancaq uzaqdan üstümüzə çoxlu mərmi yağdırırdılar. Qorxudan çox atırdılar ki, onlara yaxınlaşmağımıza imkan verməsinlər. Ancaq buna nail ola bilmirdilər”.

 

Ruhiyyə DAŞSALAHLI