Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev il ərzində yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri haqqında məlumat verib. Bildirib ki, cari ilin tədqiqat dövründə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi, ümumilikdə 719 elmi əsəri çap olunub, bir xəritə və bir buklet tərtib edilib. Əsərlərdən 174-ü xaricdə nəşr olunub. 57 elmi məqalənin impakt faktorlu jurnallarda çapdan çıxdığını deyən alim elmi əsərlərin keyfiyyət göstəricilərinin daha da yüksəldiyini vurğulayıb.
İ.Hacıyev qeyd edib ki, Babək, Culfa və Ordubad rayonları ərazisində “İlandağ” geoparkının ərazisinin ümumi, geoloji, geomorfoloji, landşaft, tarix-memarlıq, arxeoloji, biomüxtəliflik və s. xəritələri hazırlanıb. Ərazidə yerləşən 34 tarix-mədəniyyət, 41 arxeoloji abidə, 32 geositin ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Geopark ərazisinin kompleks qiymətləndirilməsi, nadir geoloji, geomorfoloji, canlı təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatları cəmləşdirən kompüter məlumat bazası yaradılıb, toplanılan materiallar əsasında “İlandağ geoparkı” kitabı nəşr olunub.
Bölmənin Elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov Naxçıvan Bölməsinin 2020-ci ildəki fəaliyyəti barədə məruzə ilə çıxış edərək bildirib ki, il ərzində elmi-tədqiqat işlərinin təsdiq edilmiş planına uyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 38 iş 97 mərhələdə yerinə yetirilib. AMEA Naxçıvan Bölməsindən seçilən 2 nəfər akademik və 7 nəfər müxbir üzvün il ərzində 100 əsəri, o cümlədən 6 monoqrafiyası, 3 kitabı, 1 dərslik, 1 metodik vəsait, 65 elmi məqaləsi, 24 konfrans materialı çapdan çıxıb.
Bölmənin istehsalyönümlü fəaliyyətinə diqqət çəkən məruzəçi vurğulayıb ki, cari ildə Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrinin tərkibləri müəyyən edilib, onlardan palçıq və toz şəklində yuyucu vasitə istehsalı üçün hazırlıq işləri həyata keçirilib. Şorsu palçığının quru və palçıq formasında istehsalı davam etdirilib, Biləv alüminium süxurundan müəyyən miqdarda kalium alüminium zəyi alınaraq qablaşdırılıb.
O qeyd edib ki, Biokimyəvi tədqiqatlar laboratoriyasında artıq gülab istehsalına başlanılıb. Bununla yanaşı, gələcəkdə laboratoriyanın imkanlarından istifadə etməklə nanə cövhəri, çaytikanı, kəklikotu, yovşan, raziyanə, çöl nanəsi, üzərlik yağlarının istehsalı da planlaşdırılır.
Bildirilib ki, əməkdaşlar cari il ərzində Vikipediya açıq ensiklopediyasında 20 yeni məqalə yerləşdirib, 5 yeni şablon yaradıb və 50-dən çox məqalə üzərində redaktə işləri aparıblar.
Naxçıvan Bölməsinin 20-dən çox elm və təhsil mərkəzi ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıran O.Bağırov deyib ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində 50 şagird Bölmə alimləri tərəfindən hamiliyə götürülüb, fərdi və kollektiv tədqiqatlara cəlb edilərək uğurlu nəticələr əldə edib. Bölmənin 6 əməkdaşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib, diplom və medallar qazanıblar.
Bölmənin Elmi kitabxanasının kitab fonduna 1074 ədəd kitab daxil edilib, 310 adda kitab və 414 ədəd avtoreferat elektron kataloqlaşdırılıb. Elektron kartotekalara 1575 ədəd qəzet və jurnal məqalələrinin biblioqrafik təsviri daxil edilib, tarixi və əlamətdar günlər münasibəti ilə 6, yeni kitablara dair 10 sərgi təşkil olunub. 5 sərgi virtual rejimdə oxuculara təqdim edilib.
Daha sonra Bölmənin Rəyasət Heyətinin üzvləri, professor Hacıfəxrəddin Səfərli, akademik Tariyel Talıbov və professor Əbülfəz Quliyev hesabatı qənaətbəxş qiymətləndirib və qəbul olunmasını təklif ediblər.
Sonda Bölmənin əməkdaşları – Bioresurslar İnstitutunun Dənli, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, dosent Pərviz Fətullayev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva elm sahəsindəki nailiyyətlərinə görə Bölmənin təsis etdiyi “İlin alimi” fəxri diplomu ilə təltif olunublar.