Bu gün Azərbaycan xalqının görkəmli oğlu, Ulu öndər Heydər Əliyevin anım gününü böyük ehtiramla qeyd edirik. Müasir, müstəqil Azərbaycanın banisi, nəhəng dövlət xadimi Heydər Əliyevin gördüyü mütərəqqi işlər və Vətənimiz qarşısındakı misilsiz xidmətləri onu xalqımızın Ümummilli Liderinə çevirib. Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış və əməlləri ilə xalqımızın əbədiyaşar liderinə çevrilmiş dahi şəxsiyyətdir.

 

Geniş diapazonlu fəaliyyəti ilə seçilən bu fövqəlinsan hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır. Ümummilli Lider respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətlər göstərib. Dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, ölkəmizdə iqtisadi və siyasi sabitliyin təmin olunması, Azərbaycanın beynəlxalq arenada tanınması və böyük uğurlar qazanması dahi şəxsiyyətin adı ilə bağlıdır.

 

Müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanması və dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alan, milli dövlətçiliyimizin təməlini qoyan, milli dövlətçilik ənənələrini formalaşdıran və müstəqil Azərbaycanı yenidən  quran məhz Heydər Əliyev idi. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev dünya azərbaycanlılarını vahid Vətənimiz ətrafında birləşdirməyə nail olub.

 

Belə demək mümkünsə, Heydər Əliyev təmsil etdiyi xalqın simasını, istək və arzularını, ideyalarını, məqsədlərini öz obrazında yüksək mükəmməlliklə təcəssüm etdirə bilib. Xalqının lideri olan müdrik siyasətçi verdiyi bütün qərarlarda, atdığı bütün addımlarda ümumxalq mənafeyini və ədaləti hər şeydən üstün tutub.

 

Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təmin olunması, milli ruhun oyanışı, milli kadr potensialının formalaşdırılması, hərbi məktəblərin açılması, silahlı qüvvələrin yaradılması, demokartik-hüquqi dövlətin qurulması, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyən edilməsi Ulu Öndəri əbədiyaşar edən əməllərdəndir.

 

Danılmaz həqiqətdir ki, ölkəmizdə milli özünüdərk prosesinin baş tutması, Azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi və milli həmrəyliyin güclənməsi Heydər Əliyevin adı ilə bağlıdır. Milli neft strategiyasının işlənilib hazırlanması, uğurla reallaşdırılması, Tarixi İpək Yolunun bərpa olunması təşəbbüsünün irəli sürülməsi, Azərbaycanın dünya birliyinin bərabərhüquqlu subyektinə çevrilməsi, ölkəmizin uzunmüddətli və davamlı inkişaf yoluna qədəm qoyması Ulu Öndərin mühüm xidmətləri sırasındadır.

 

Sözün əsl mənasında unikal şəxsiyyət və böyük rəhbər olan Heydər Əliyev bütün həyatını və fəaliyyətini doğma xalqına xidmət, milli maraqlara sədaqət və milli dəyərlərə bağlılıq prinsipləri əsasında qurmuşdur. Ulu Öndərin Azərbaycan xalqı üçün göstərdiyi xidmətlərini onun aşağıdakı sözləri daha gözəl ifadə edir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.

 

Ümummilli Liderin xalqımız qarşısında ən böyük xidməti qurub-yaratdığı Azərbaycanı daha da inkişaf etdirəcək layiqli davamçısını yetişdirməsidir. Məhz Ulu Öndərin miras qoyduğu siyasi kursa sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güclü siyasi iradəsi, böyük qətiyyəti, uzaqgörən siyasəti və yüksək sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində qalib gəldik. Məhz Heydər Əliyev ideyalarına söykənən Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tarixi zəfərə imza atdı. Əminik ki, indi Ümummilli Liderimizin ruhu şaddır.

 

Ruhun daim şad olsun, Ulu Öndər!

 

ŞAHİN BAYRAMOV,

Mingəçevir Dövlət Universitetinin rektoru