Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Bayramov kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə cari tədris ilində universitetdə akademik fəaliyyətə cəlb olunmuş professor Əsgər Tağızadə, dosent Əlləz Əliyev (hər ikisi Azərbaycan Texniki Universitetindən) və dosent Mais Güləliyevi (AMEA İqtisadiyyat İnstitutu) şura üzvlərinə təqdim edib.

 

İclasın gündəliyinə uyğun olaraq, rektor MDU-nun elmi jurnalının təsis edilməsi haqqında məlumat verib və universitetin elmi tədqiqat fəaliyyətinin çoxşaxəli olduğunu əsas gətirərək sözügedən jurnalın “Davamlı inkişaf” adlandırılmasını təklif edib.

 

İndiyə qədər elmi jurnalın olmamasının universitetin alimləri və gənc tədqiqatçıları üçün elmi fəaliyyətdə müəyyən çətinliklər yaratdığını, onların elmi tədqiqatlarının üzə çıxarılması imkanlarını məhdudlaşdırdığını qeyd edən Ş.Bayramov artıq problemin həlli istiqamətində real addımlar atıldığını diqqətə çatdırıb. Universitetin elmi tədqiqat fəallığının artmasına töhfə verəcək jurnalın ilkin mərhələdə ildə 4 dəfə nəşr olunacağını bildirib. İclasda jurnalın təsis olunması, onun redaksiya heyətinin təsdiqi və qeydiyyatla bağlı müvafiq dövlət qurumu qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunub.

 

Sonra “2020-ci ilin elmi-tədqiqat işlərinin nəticələri və 2021-2025-ci illər üçün planlaşdırılan 5 illik elmi-tədqiqat işlərinin təsdiqi haqqında” və “MDU-da tədrisin keyfiyyətinin mövcud vəziyyəti haqqında” hesabatlar dinlənilib. Hər iki hesabat Elmi Şura tərəfindən qəbul edilib.