Mövcud pandemiya vəziyyətində şagirdlərin təhsildən geri qalmaması ilə bərabər, həm onların, həm də valideynlərin psixoloji sağlamlığının qorunmasına da xüsusi diqqət ayrılır. Nəzərə alsaq ki, texnoloji və internet imkanlarının olması, məlumatlara əlçatanlıq məktəbyaşlı uşaqları da əsassız, yaxud şişirdilmiş, qorxuducu xəbərlərlə qarşılaşdırır, təbii ki, bu da onlar arasında bəzən panikanın yaranmasına səbəb olur. Məhz bu vəziyyət mütəxəssis köməyini labüd edir.
146-3 “Qaynar xətt” xidməti
Hələ aprelin 6-da Təhsil Nazirliyi tərəfindən koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar, karantin rejimində evdə qalan şagirdlər, eləcə də mənəvi-psixoloji dəstəyə zərurət duyan vətəndaşlar üçün 146-3 “Qaynar xətt” xidməti yaradıldı. Bu xidmətə bir çox məktəblərin peşəkar psixoloqları cəlb olundu.
Müsahibimiz, Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova da bu qaynar xətt xidmətində psixoloji konsultasiya ilə yardım göstərənlər arasındadır. Aynur xanım deyir ki, pandemiya dövrü həyatımıza qədəm qoyan gündən məktəb kollektivi olaraq bu mərhələdə şagirdlər arasında yaranacaq fəsadların qarşısını almaq üçün çevik qərarlar verməli olduq: “Hələ pandemiya ilə qarşılaşdığımız ilk vaxtlarda mən şəxsən valideyn və müəllimlərin votsap qruplarına müraciət göndərdim. Məktəbdə həm şagird, həm də valideynlərlə canlı gördüyümüz işləri onlayn məkana daşıdıq. Bu ilin mart ayından bəri, dərs zamanı övladlarına nəzarət, gün ərzində vaxtın düzgün bölüşdürülməsi kimi mövzularda xeyli görüşlər keçirmişik. Şagirdlərin dərsə davamiyyətini, motivasiyasını yüksək saxlamaq üçün bir sıra mövzularda söhbətlər aparmışıq”.
Psixoloq deyir ki, məktəbəhazırlıq və ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərə onlayn psixoloji xidmət bir qədər çətindir. Bu məsələdə valideynlərin yardımı, birbaşa iştirakı işimizi asanlaşdıra bilər, həmçinin, övladları ilə ünsiyyətinə müsbət təsir etməklə yanaşı, uşaqlarının bacarıqlarının aşkara çıxarılmasına, onları daha yaxından tanımalarına kömək olar: “Biz bu məqsədlə ZOOM sosial şəbəkə platformasında valideynlərin də iştirakı ilə həm əyləncəli, həm də öyrətmə xarakterli rollu oyunlar təşkil edirik”.
Hansı yaş qrupları arasında sixoloji dəstəyə ehtiyac çoxdur?
Müsahibimiz 9 və 11-ci sinif şagirdlərinin valideynləri arasından müraciətlərin çox olduğunu deyir.
“Məktəblinin dostu” layihəsinin psixoloqu Nərmin Abbasova keçən tədris ilinin sonlarına yaxın, yəni imtahan öncəsi daha çox buraxılış sinif şagirdləri ilə stress, həyəcanın idarə olunması haqda söhbətlər aparıldığını deyir: “Onlardan bəziləri hələ il ərzində bir neçə dəfə canlı görüşdüyümüz şagirdlər idi. Karantin rejiminə keçəndən sonra da biz onlarla əlaqəni kəsmirik, daim nəzarətimizdə olurlar”.
Psixoloq, həmçinin bildirir ki, bu müddətdə əsasən davranış pozuntusu, travması olan, hiperaktiv, valideynləri ilə münasibətlərində problem yaşayan şagirdləri diqqətdə saxlamağa çalışırlar. “Valideynləri ilə tez-tez danışırıq, ehtiyac olduğu təqdirdə onlarla onlayn söhbətlər aparırıq”.
Vətən müharibəsi başlayan gündən də ölkə tarixində açılan yeni dönəm bütün sahələrə siraət edən yüksək ruhlu ab-hava yaratdı. Hər kəs vətən keşiyində dayanan əsgər olmağa çalışdı. Müasir nəsillə, xüsusən şagirdlərlə də söhbətlər, münasibətlər yeni müstəviyə keçdi.
Məmmədova deyir ki, bu müddətdə də şagirdlərlə vətənpərvərlik, ordumuza mənəvi dəstəklə bağlı maarifləndirmə, indiki həssas məqamda sosial şəbəkələrdə davranışla bağlı onlayn müzakirələr təşkil ediblər.
Virtual psixoloji dəstək
Hər üç övladı sözügedən məktəbdə təhsil alan valideyn Vüsalə Mirzəyeva deyir ki, 9-cu sinifdə oxuyan qızı və 11-ci sinifdə təhsil alan oğlu ilə bağlı Aynur xanıma müaraciət edib . “Əslində ənənəvi dərslər zamanı da iki övladıma məktəbdə psixoloji yardım göstərilmişdi. Pandemiya şəraitində üç uşağa evdə nəzarət etmək mənim üçün bir az da çətin oldu. Çünki özüm də işləyirəm. Dərslərə də məsuliyyətsiz yanaşırdılar, öz aralarında da yola getmirdilər. Aynur xanım onlarla onlayn görüşlər keçirdi, danışdılar. Bu, həm mənim, həm də uşaqların mənəvi rahatlığı üçün çox faydalı oldu. Valideynlərə də tövsiyə edirəm, övladları ilə ünsiyyətdə müəyyən problem yaşayırlarsa, mütləq mütəxəssisə müraciət etsinlər. Bu zaman valideyn özü də səhvini görmüş olur”.
Bakı şəhəri 247 nömrəli tam orta məktəbin psixoloqu Gülbəniz Hüseynova deyir ki, pandemiya şəraitinə keçən gündən şagirdlərimizin dərs hazırlığı ilə yanaşı, psixoloji vəziyyətləri də bizim üçün əsas qayğı istiqamətlərindən biri oldu. “Hələ canlı dərslər zamanı aşağı, orta və yuxarı yaş qrupları üzrə psixoloji dəstək göstərdiyimiz şagirdlər vardı. Pandemiya işimizdə müəyyən istiqamətlər yaratdı, şagirdlərə, valideynlərə daha yaxından necə kömək ola bilərik deyə, yeni iş planı tərtib etdik. Votsap qrupları yaratdıq. Valideynlərlə həm individual, həm də ZOOM vasitəsilə mütəmadi olaraq tövsiyə xarakterli görüşlər keçiririk. “Virtual məktəb” platformasında dərslərin keyfiyyəti barədə sorğu aparırıq, əgər dərsə qatıla bilməyən şagird varsa, səbəblərini araşdırıb yardımçı olmağa çalışırıq ”.
Müsahibimiz deyir ki, məlum virus şagirdlərdən çox, valideynlərdə narahatlıq yaratdı. Buna görə də, biz çalışırıq ki, videoformatda görüşlər zamanı həm valideyn, həm şagirdlə eyni vaxtda söhbət edək: “O zaman həm də valideyn övladının psixoloji vəziyyətinə daha dərindən bələd olur, onunla necə davranacağını müəyyənləşdirir”.
“Psixoloq saatı”
Müəllim, valideyn və şagirdlərə pandemiya dövründə psixoloji dəstək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən onlayn “Psixoloq saatı” fəaliyyətə başladı. Hər həftənin IV günü TDM-in psixoloq və metodistlərinin müvafiq mövzular üzrə tövsiyələri mərkəzin "Facebook" səhifəsi vasitəsilə ictimaiyyətə təqdim olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin bölmə müdiri Səidə Əhmədova pandemiya dövründə şagirdlərin psixoloji sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışıb və tövsiyələrini bildirib. “İndiki şərait nə qədər çətin görünsə də, biz əlimizdən gələni etməliyik ki, çıxış yollarını tapaq”, - deyə vurğulayan bölmə müdiri rəsmi feysbuk səhifələri üzərindən yayımlanan “Psixoloq saatı”nda həm valideyn, həm də şagirdlərə yararlı ola biləcək mövzuları təqdim etdiklərini bildirir.
Psixoloq Səidə Əhmədova müəllim və valideynlərə tövsiyələrini çatdırıb:
- * Virtual dərs zamanı əvvəldən sona qədər övladlarının yanında oturub nəzarət etmək doğru deyil. Bunu övladına açıq-aşkar bildirərək deyil, daha gizli etmək mümkündür. Çünki uşağa inandığını göstərmək, motivasiya vermək lazımdır.
- * Özü müəllim olan, bir neçə övladı şagird olan müəllimlər, dərsi videoqeydə alaraq sonra onu uşağa ötürə bilərlər.
- * Müəllimlərin peşəkarlıq səviyyəsindən asılı olaraq, onlar hətta indiki şəraitdə də şagirdlərlə onlayn formada informativ və intellektual yükünü saxlamaqla yarı oyun şəklində dərslər qura, uşaqları qruplara bölərək rəqabət mühiti formalaşdıra bilər.
Gülnarə İlham