Naxçıvan Dövlət Universiteti (NDU) Elmi Kitabxanasında Təsviri incəsənət kafedrasının müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, tarixboyu Naxçıvan xalçaçılıq məktəbinin nümunələri özünəməxsus ornamentləri ilə fərqlənib və müxtəlif yazılı mənbələrin məlumat obyektinə çevrilərək xalqın maddi-mədəni irsinin formalaşmasında mühüm rol oynayıb.
Kafedranın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvanın Əməkdar rəssamı Həbibə Allahverdiyeva kitab haqda məlumat verərək bildirib ki, dərs vəsaitində xalçaçılıq tarixi, onun texnikası, xalça növləri, onların ideya-bədii xüsusiyyətlərinin inkişaf mərhələləri, xalça sənəti məktəbləri barədə ətraflı bilgilər var. Onun sözlərinə görə, incəsənət fakültəsinin bakalavr, magistr, həmçinin xalça sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan dərs vəsaiti tədqiqatçıların və görkəmli alimlərin Azərbaycan xalçaçılıq sənətinə dair çoxillik tədqiqatları, dəyərli əsərləri əsasında tərtib edilib.
Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirib ki, kitabda dekorativ tətbiqi incəsənət, Azərbaycanda dekortaiv tətbiqi sənət növləri, xalçaların təsnifatı, məşhur xalçaçı-rəssam Lətif Kərimovun həyat və yaradıcılığından da bəhs olunur.
Sonda müəllifin rəsm əsərlərindən ibarət sərgiyə və Əzizə Məmmədovanın tərtib etdiyi xalçaçılıq kompozisiyasına baxış olub.