Proqramı başa vuran bütün tələbələr BP və BANM-ın birgə sertifikatı ilə təltif edilib.


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri BP Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə, yerli mühəndislərin inkişafına dəstək olaraq həyata keçirdiyi “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurdular. Kurs BANM-ın 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə, yeni proqram çərçivəsində, həm də menecment və biznes sahəsində geniş bilgilər verir. Bu proqram  gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrasiyası üçün şərait yaradır.

 

BANM-ın rektoru Elmar Qasımov  məzun olmağa hazırlaşan 5-ci kurs tələbələri ilə görüşərək onları “Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurmaları münasibətilə təbrik edib, proqramı bitirən bütün tələbələri BP və BANM-ın birgə sertifikatı ilə təltif edib.

 

Layihənin əsas məqsədi gənc mühəndislərə ümumi biznes biliklərinin baza prinsiplərinin, liderlik keyfiyyətlərinin, layihələrin  idarə edilməsinin və bir sıra digər istiqamətlərdə  biznes səriştə və biliklərin öyrədilməsindən  ibarətdir. Proqramı tədris etmək üçün  layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

 

“Mühəndislər üçün biznes təhsili”nin proqramına təqdimat və kommunikasiya bacarığı, layihələrin idarə edilməsi, vaxtın idarə edilməsi və effektivlik, liderlik, risklərin idarə edilməsi, maliyyənin əsasları: büdcə və xərclərə nəzarət, insan resurslarının idarə olunması kimi modullar daxildir.