Elnur Məmmədli: “Olimpiya çempionu olanda heç bu qədər sevinməmişdim”
Prezident, Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, sarsılmaz iradəsi, məqsədyönlü fəaliyyəti, yüksək idarəçilik dəyərləri və xalqımızın birgə həmrəyliyi ilə Azərbaycan Ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandı. Azərbaycan xalqının qəlbində iftixar mənbəyinə çevrilən ordumuz indi düşmən üçün qorxulu bir kabusdur. Qalib xalqın vətəndaşı olmaq...Görəsən, dünyada bundan gözəl bir hiss ola bilərmi? Məncə yox. Bəli, bu gün biz qürurla deyə bilərik ki, yenilməz ordusu olan Azərbaycanın vətəndaşıyıq. Xalqımız üçün artıq 27 ilik Vətən həsrəti sona çatdı. İşğal altında olan torpaqlarımız mənfur düşmənin tapdağından azad olundu. Bəli, bu gün uşaqdan böyüyə, hər kəs sevinc və qürur yaşayır. İdman dünyasının tanınmış simalarından biri, Olimpiya çempionu Elnur Məmmədlinin də qələbə günü ilə bağlı fikirlərini öyrəndik.
O, bizimlə söhbətinə belə başladı. İkinci Qarabağ müharibəsi ilə önəmli zəfər qazanıldı və artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Müharibə 44 gün çəkdi. Bizim qəhrəman igidlərimiz bu müddət ərzində düşmənə layiq olduğu yeri göstərdi. Onlar bundan sonra neçə illər keçsə də bu məğlubiyyətlərini unutmayacaqlar. Çünki ordumuz onlara heç vaxt ayağa dura bilməyəcəyi zərbə vurdu. Bizim bu qələbə hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müharibə vaxtı hamının duası Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın üzərində idi. Bizə bu qələbəni bəxş edən Müzəffər Ordumuza nə qədər təşəkkür etsək, azdır. Bu gün böyük gündür. İllərdir ürəyi Vətən həsrəti ilə yanıb alışan soydaşlarımızın arzusu həyata keçdi, Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu şad oldu, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Bu günlərdə bütün dünya azərbaycanlıları sevinc və qürur hissləri keçirir. Hər birimiz Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik. Məhz onun rəhbərliyi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində güclü Azərbaycan Ordusu düşməni məğlub edərək xalqımıza bu qələbə sevincini yaşatdı.
Mən olimpiya çempionu olanda heç bu qədər sevinməmişdim. Bu sevinc xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil. Mən bilirəm ki, bu gün uşaqdan böyüyə hər kəs mənim yaşadığım hissləri yaşayır. Vətənin azadlığı sevgisini yaşamaq ayrı bir ülvi hissdir. Hərdən özüm-özümə düşünürəm. İnsan övladı üçün Vətəndən əziz nə ola bilər? Heç nə...
- Elnur müəllim, bəs haradan başlayır Vətən?
- Məncə, Vətən insanın ruhundan, qəlbindən və yurda bağlılığından başlayır. Dünyaya ilk gələn körpələrə analar “oğlum, tez böyü, əsgər get” deyə-deyə laylalar çalırlar. Bu laylaları eşitdikcə həmin duyğular onların qanına hopur. Analarımız uşaqları igid kimi, qəhrəman kimi tərbiyə edir, onları vətənpərvər ruhda böyüdürlər. Fikrimcə, bu gün Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən bir hissəsi qəhrəman analarımızın da payına düşür. Vətənpərvərlik ruhunda böyüyən igidlərimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə parçalanmış Azərbaycan xəritəsini bütövləşdirdilər. Vətənin dar günündə igid oğullarımız sinələrini sipər edərək yurdumuzu düşməndən qovdular. Şəhidlik zirvəsinə ucalanı da oldu, yaralanı da. Burada bir məqamı qeyd etmək istəyirəm ki, min bir əziyyətlə övladlarını böyüdüb boya-başa çatdıran analar övladlarının şəhidliyi ilə qürurlandılar, əyilmədilər, başlarını düşmən qarşısında daha da dik tutdular. Bəlkə də elə ona görədir ki, “ana” sözü ilə “vətən” sözü qoşa çəkilir: Vətənə “Ana vətən” deyilir... Bu mərd, mübariz, qəhrəman vətən övladları öz doğma topaqları uğrunda canlarını fəda edərək, gələcək nəsillərin də Vətəni böyük məhəbbətlə sevməsinə, qorumasına nümunə ola biləcək şərəfli iz qoydular”.
Azərbaycan əsgərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar yenə də yaşayır və bundan sonra da yaşayacaqdır. Azərbaycan var olduqca igidlərimizin belə qəhrəmanlıqlarının şahidi olacağıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Vətən borcunu ödəməyi özünün ən böyük amalı olaraq qəbul edir. Doğma torpağı uğrunda Mübariz, Fərid kimi ölümün gözünə dik baxmağa, sevə-sevə şəhidlik zirvəsinə ucalmağa hazırdır.
- Elnur Məmmədli üçün yarışlarda düşmən təmsilçisi ilə qarşılaşmaq nə deməkdir?
- Mən indiyə qədər bir çox yarışlarda istər dünya, Avropa çempionatlarında, istərsə də Olimpiya çempinatlarında və beynəlxalq turnirlərdə erməni idmaçısı ilə qarşılaşmışam. Təbii ki, hər bir idmançı kimi mən də ancaq və ancaq qələbə haqqında düşünmüşəm. Və bütün qarşılaşmalarımda böyük fərqlə qələbə qazanmışam. Sualınıza cavab olaraq onu da əlavə etmək istəyirəm ki, düşmən təmsilçisi ilə qarşılaşanda mənim gözümün önünə Xocalı faciəsi və Qarabağda ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilik, vandallıq və saysız-hesabsız qətliamlar gəlir. Xocalıda baş verənlər, əsirlikdən qayıdan ayaqyalın uşaqların, ana və bacılarımızın gücsüz, taqətsiz yerişləri, qaçqınlıq həyatı yaddaşlardan heç vaxt silinməyəcək...
Sonda “Azərbaycan müəllimi” qəzeti vasitəsilə xalqımıza Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması münasibətilə bir daha gözaydınlığı vermək istərdim. Ən böyük arzum isə dilbər guşəmiz olan Şuşada qələbə paradının keçirilməsidir.
Rəşad ZİYADOV