Fevralın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xalıq Yahudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbiçiləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla, 613 Xocalı sakininin vəhşicəsinə qətlə yetirdiklərini deyib. Xalıq Yahudov, böyük və qəddar silahlı birləşməyə qarşı çıxaraq Xocalını və şəhərin strateji əhəmiyyətə malik olan aeroportunu müdafiə edən və bu qeyri-bərabər döyüşdə igidliklə həlak olan şəhidlərimizdən Milli Qəhrəman Hikmət Nəzərli və Elçin Quliyevin Azərbaycan Texniki Universitetinin məzunları olduğunu diqqətə çatdırıb.
Rektor əvəzi dünyanın bir çox ölkəsində bu faciənin soyqırımı kimi tanındığını qeyd edərək, ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə zamanında hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin bu qətliamın soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib. Həmçinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il may ayından başlayan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində beynəlxalq miqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb.
AzTU-nun İctimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov faciənin tarixi və siyasi aspektlərinə diqqət çəkərək, Xocalı soyqırımının törədilməsində ermənilərin mənfur maraqlarından danışıb.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev isə XX əsrin ən dəhşətli faciələrindən olan bu insanlıq dramının canlı şahidi kimi həmin gecə baş verən zorakılıqlardan, cinayətlərdən danışıb.
Tədbirin sonunda tələbələrin ifasında ədəbi-bədii kompozisiya və faciəni əks etdirən video-çarx nümayiş etdirilib.