Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.  İmtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 1 iyun 2018-ci ildən 7 iyul 2018-ci ilədək davam edəcək.

 

İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib.

 

Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə  fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını təmin etmək kimi məsələlər də nəzərdə tutulub.

 

Qeyd edək ki, ADU-da 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.

 

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.