Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə videokonfrans keçirib. 

 

Videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi və sistemdə toplanılan məlumatlar əsasında təhsil sahəsində qərarvermənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın distant təhsil sahəsində təcrübəsinin digər ölkələrlə bölüşülməsi də müzakirə mövzusu olub.

 

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, “Microsoft” məzmunun müəllimlərin ixtisasartırılması və hazırlanmasında tətbiqi, süni intellekt və bulud texnologiyalarının tətbiqi, valideynlər üçün distant təhsil üzrə təlimlərin təşkili, “Microsoft” lisenziyalaşdırması üzrə növbəti illərdə şirkətlə əməkdaşlıq mövzuları müzakirə olunub.