Əcnəbi tələbələr xalqımızın şanlı qələbə sevincini bölüşür


Sentyabrın 27-dən erməni təxribatlarına qarşı Müzəffər Ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük Qələbə ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələr də xalqımızın Vətən müharibəsində şanlı qələbə sevincini bölüşürlər.

 

Azərbaycanı Qarabağsız təsəvvür etmək mümkün deyil

 

Asgar Muzaffar (Qazaxıstan),

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi

 

- 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan tarixi ədaləti bərpa etdi. Azərbaycan işğalçılar üzərində həm diplomatik, həm də hərbi qələbə qazandı. Azərbaycanı Qarabağsız təsəvvür etmək mümkün deyil, Qarabağ Azərbaycanın bölünməz, qədim və əzəli torpağıdır, Azərbaycan mədəniyyətinin beşiyidir. Azərbaycan münaqişənin həllini təxminən 30 il gözləyib. İndi münaqişə həll edildikdən sonra qaçqınlar öz torpaqlarına qayıda və öz yerlərini yenidən qura bilərlər. Xoşbəxtlik və çiçəklənmə kədər və əzabı əvəz edəcək. Əminəm ki, bu vaxta qədər işğalda olan torpaqlar onların sahibləri sayəsində çiçəklənəcək. Yollar çəkiləcək, vətəndaş infrastrukturu bərpa ediləcək və Qarabağ yeni görünüş əldə edəcək. Qarabağ münaqişəsinin həlli və Azərbaycanın bu ərazi üzərində suverenliyinin bərpası Cənubi Qafqazda sülhü təmin edəcək, gərginliyin azalmasına töhfə verəcək.

 

Oğurlanmış torpaqlar sahiblərinə qaytarıldı

 

Ehab Mohamed Jaber Ismael,

BDU-nun tələbəsi (Misir)

 

- Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Erməni barbarları 30 il ərzində dini-mədəni və tarixi abidələri vəhşicəsinə dağıdıblar. Azərbaycanın işğal altında qalan torpaqlarını geri qaytarmaq niyyətində olmayan erməni işğalçı qüvvələri dinc insanlara və Azərbaycan şəhərlərinə zərbə endirərək pis niyyətli bir siyasət yürütdüyünü bir daha sübut ediblər. Dünyanın gözü qarşısında pis niyyətli erməni siyasəti iflasa uğradı. İşğal olunmuş şəhərləri, kəndləri azad etmək lazım idi və Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdi. Oğurlanmış torpaqlar sahiblərinə qaytarıldı.

 

Bu gün Azərbaycan xalqının həyatında çox əlamətdar, tarixi bir gündür. Bu gün Qarabağ işğalçılardan azad olmuşdur. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirik. Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarması xəbəri məni çox sevindirdi, qürurlandırdı. Torpaq Vətəndir, bölünməzdir. Qarabağ Azərbaycandır!

 

“Bu qələbə bizim qardaşlıq qələbəmizdir”

 

Əsədul İslam,

Bakı Mühəndislik Universitetinin magistri (Pakistan)

 

- Azərbaycan xalqını 44 günlük müharibə sonrası qələbə münasibəti ilə təbrik edirəm. Biz burada erməni ordusunun aqressiyasını gördük. Xüsusən də bu aqressiya dinc əhaliyə, uşaqlara, yaşlılara və qadınlara oldu. Azərbaycan ordusu isə yalnız düşmənin  hərbi obyektlərini hədəfə aldı. Mən, həmçinin, Azərbaycan Ordusuna minnətdarlığımı və təbriklərimi bildirirəm. Hansı ki, müharibə qaydalarına riayət edib və humanistlik göstərib. Azərbaycan Ordusu xüsusi peşəkarlıqla və öz gücü ilə torpaqları düşməndən geri qaytardı. Pakistan xalqı olaraq Azərbaycanı təbrik edirik. Azad olunmuş torpaqlara xoş gəlmisiniz! Biz sizi sevirik, bu qələbə bizim qardaşlıq qələbəmizdir!

 

“Öz torpaqlarına qayıdan azərbaycanlılara xoşbəxt və təhlükəsiz həyat arzulayıram”

 

İshani Madushika Beraliya,

Bakı Mühəndislik Universitetinin magistri (Şri Lanka)

 

- Bütün azərbaycanlıları qələbə münasibətilə təbrik edirəm. Güclü Azərbaycan Ordusu öz torpaqlarını ermənilərdən azad edib. Azərbaycanlılar yenidən Qarabağa və digər əzəli torpaqlarına qayıdırlar. Mən öz  torpaqlarına qayıdan azərbaycanlılara xoşbəxt və təhlükəsiz həyat arzulayıram. Azərbaycan çox gözəl ölkədir. Və buranın xalqı çox mehriban və qonaqpərvərdir. Yaşasın Azərbaycan!

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan əcnəbi tələbələr də Qarabağ müharibəsi və Azərbaycanın zəfəri haqqında fikirlərini bölüşürlər:

 

 

Areeb Khan ( Pakistan):

 

- Ermənistan təkcə Azərbaycanın torpaqlarını işğal etməmişdi, həm də Azərbaycanın torpaqlarını, mədəni irsini, təbii sərvətlərini dağıdıb, talayıbdır. Bilirik ki, Azərbaycanın 20 faiz torpağı 27 ildir ki, Ermənistanın beynəlxalq səviyyədə qınanan hərbi işğalı altında idi. BMT-nin 4 qətnaməsi Ermənistandan işğal olunmuş ərazilərdən dərhal geri çəkilməsini tələb etdi. Ermənistan heç vaxt buna əməl etmədi. Odur ki, Azərbaycan dövləti güclü ordusu ilə torpaqları geri aldı.

 

 

 

 

Joseph Tijomon (Hindistan):

 

- Dağlıq Qarabağı həmişə eşitmişik ki, Azərbaycan ərazisidir, bu ölkənin əzəli torpağıdır. Tarixən, həm də rəsmi olaraq bütün dünya tərəfindən bu, belə tanınıb. Son Qarabağ müharibəsi zamanı Azərbaycanın zəfər çalmasını qaçılmaz edən güclü ordusu ilə yanaşı, haqq, ədalət uğrunda müharibə aparması idi.

 

 

Da, Mohammed (Yəmən)

 

- Ermənistan dövlət olaraq 30 il əvvəl tarixi bir səhv etdi: Dağlıq Qarabağ və ətrafındakı 7 Azərbaycan rayonunu işğal etdi, insanları işgəncələrə məruz qoydu. Nəticədə çoxlu Azərbaycan vətəndaşı öz torpağından qaçqın düşdü. Hətta, özlərini haqlı da hesab etdilər, amma hadisələr dünyanın gözü qarşısında baş vermişdi. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilməsini tələb edən BMT-nin çoxsaylı qətnamələrinə məhəl qoymaması, işğalçılıq siyasətinin davam etdirilməsi Azərbaycan tərəfini silaha əl atmağa və torpaqlarını hərb yolu ilə almağa məcbur etdi.

 

 

Espinoza Andres (Ekvador)

 

- Biz müharibənin əleyhinəyik. Azərbaycan sülhü, əmin-amanlığı sevən ölkədir. Amma Ermənistan dövləti Azərbaycan ərazisini müharibə meydanına çevirdi, sonda da məğlub oldu. Müharibənin gedişatını biz də izlədik, Azərbaycan ordusu öz torpaqlarını qaytarmaq istədi və qısa zamanda buna nail oldu.

 

 

 

Oruc MUSTAFAYEV