Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov tələbə təşkilatlarının fəal üzvləri ilə görüşüb.

 

Microsoft Teams platforması üzərindən online formatda keçirilən görüşdə rektor, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan möhtəşəm qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə tələbələri təbrik edib. Vətən müharibəsində MDU-nun tələbə və məzunlarının da iştirak etdiyini vurğulayan Ş.Bayramov Allahdan bütün şəhidlərə rəhmət, yaralılara isə şəfa diləyib.

 

Həm müharibə, həm də COVİD-19 ilə mübarizə şəraitində informasiya cəbhəsində göstərmiş olduqları fəallığa görə tələbələrə təşəkkürünü bildirən rektor gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb.

 

Cəbhə bölgəsində yaşayan, döyüşlərdə iştirak edən, təhsil prosesində, könüllülük tədbirlərində və universitetin ictimai həyatında fəallığı ilə seçilən tələbələrə xüsusi diqqət, qayğı göstərilməsinin zəruriliyini qeyd edən Ş.Bayramov tələbə təşkilatlarının rəhbərlərinə bununla əlaqədar müvafiq tövsiyələrini bildirib.

 

Sonra universitetdə daxili və xarici kommunikasiyanın təkmilləşdirilməsi, Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılması, sosial şəbəkələrdə səmərəli fəaliyyətin təşkili, MDU-nun tanıtımını hədəfləyən addımların atılması sahəsində tələbə təşkilatlarının rolu haqqında geniş müzakirə aparılıb.

 

Universitetin idarə edilməsində və qəbul edilən bütün qərarların müzakirəsində tələbələrin fəal iştirakına böyük önəm verdiyini vurğulayan Ş.Bayramov tələbə təşkilatlarının fəaliyyətinin daha səmərəli qurulması üçün bütün zəruri dəstəyin göstərilməsinə hazır olduğunu diqqətə çatdırıb.

 

Səmimi dialoq şəraitində keçən görüşdə birinci kurs tələbələrinin tələbə təşkilatlarının fəaliyyətinə cəlb olunması, xüsusi qayğıya ehtiyac duyan tələbələrə dəstək göstərilməsi, təhsil haqqı ödənişləri, tərəfdaş universitetlərin müvafiq tələbə təşkilatları ilə əməkdaşlığın qurulması, COVID-19 infeksiyası ilə mübarizənin davam etdirilməsi, abituriyentlərə yönəlmiş təbliğat işinin təşkili, məzunlarla əlaqənin koordinasiyası və digər məsələlər ətrafında faydalı müzakirələr aparılıb.

 

Tələbələrin rəy və təkliflərinə münasibət bildirən rektor onların çoxsaylı suallarını da cavablandırıb.