Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə Qarabağın işğaldan azad olunması münasibətilə “Qələbə sevincimiz!" adlı onlayn beynəlxalq görüş təşkil edilib.
Görüşün keçirilməsində məqsəd qələbəmizi qeyd etmək, təhsilalanları vətənpərvərlik, ümumbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlarda vətənə, torpağa məhəbbət hisslərini daha da artırmaq, xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərlə dostluq əlaqələrini möhkəmləndirməkdən ibarət olub.
Görüşə mərkəzin yetirmələri, Türkiyə, Rusiya, İspaniya, Almaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Tayland, Niderland, Myana, Amerika, Fransa, İsveç və Avstriyada yaşayan azərbaycanlı gənclər, eləcə də “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Gündoğdu və digər valideynlər qatılıb.
Görüşdə müharibə dövründə Azərbaycan xalqının birliyi, dövlət başçısının apardığı uğurlu islahatlar, güclü və qüdrətli Azərbaycan ordusunun düşməni məğlub etməsi və digər məsələlər barədə müzakirələr aparılıb, erməni qəsbkarlarının xalqımıza qarşı etdiyi vəhşiliklər haqqında məlumatların dünyaya çatdırılması barədə müvafiq təkliflər edilib, fikir mübadiləsi aparılıb.