Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" üzrə icra edilən “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində ZOOM proqramı vasitəsilə növbəti onlayn seminar keçirilib.

 

Seminarda Ağsu rayon Təhsil Şöbəsinin əməkdaşı Elnur Fərzəliyev, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, layihənin psixoloqu Ülkər Məhərrəmova, layihə üzrə ekspert Zemfira Məmmədova, təlimçi Elnarə Qasımova və Ağsu rayonunda pedaqoji fəaliyyət göstərən 30-a yaxın müəllim, şagird, həmçinin valideynlər, tibb işçiləri iştirak ediblər.

 

Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və bu çərçivədə həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə Ağsu rayonunun ən qabaqcıl müəllimlərini bir araya gətirib, "Erkən evliliyin bioloji fəsadları" mövzusunda maarifləndirici seminarlar təşkil edilib, məktəblilər arasında bu  mövzuda inşa yazı müsabiqəsi elan edilib.

 

Onun sözlərinə görə, “Ailə xilaskarları” adlı onlayn klub da  yaradılıb. “Erkən evliliyin fəsadları" adlı bukletlər hazırlanıb və yaxın zamanlarda Ağsu rayonunun  ümumtəhsil məktəblərinin müəllimləri, yuxarı sinif şagirdləri arasında yayılması nəzərdə tutulub.

 

İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri L.Əliyeva layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb, mərkəzin sözügedən mövzuda gördüyü işlər barədə ətraflı məlumat verib.

 

Layihənin psixoloqu Ü.Məhərrəmova erkən evliliklərin fəsadlarının cəmiyyətdə tez-tez vurğulanmasının maarifləndirmə işlərinin səmərəliliyini artıracağını qeyd edib.

 

Onlayn təlimdə iştirak edən Ağsu rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin müdiri E.Fərzəliyev layihənin valideynlərlə ünsiyyəti artıracağını, övladlarının gələcək taleyinə müəyyən qədər laqeyd yanaşan bəzi valideynlərin gələcəkdə daha məsuliyyətli davranmasına səbəb olacağını bildirib.

 

Təlimçi E. Qasımova isə erkən evlilik probleminin həlli istiqamətində görülən işlərdən danışıb.

 

Seminarda iştirak edən müəllimlər və könüllü gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qarşılaşdıqları həyat hekayələrini misal göstərərək erkən evliliklərin fəsadlarını diqqətə çatdırıblar.