Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Kimya ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.
Tədbirdə institutun elmi katibi, dosent Əhməd Qarayev “Kimyəvi tədqiqatlarda müasir metodların tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Alim tələbələrə müasir tədqiqat sahəsi-nanotexnologiyadan, nanobirləşmələrin alınma metodlarından, onların tədqiq və tətbiqindən ətraflı danışıb. Bildirilib ki, insan fəaliyyətinin demək olar bütün sahələrində nanaotexnologiyanın nailiyyətlərindən istifadə edilir.
Ə.Qarayev hal-hazırda dünyanın bir çox ölkələrinin bu texnologiyanın böyük imkanlarından istifadə nəticəsində uğurlar qazandığını söyləyərək diqqətə çatdırıb ki, institutun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında da bu sahədə müəyyən tədqiqatlar aparılır.
Təcrübələrdə alınan nano və mikro hissəciklər laboratoriyada quraşdırılan Yaponiya istehsalı olan TM-3000 elektron mikroskopunda tədqiq edilir. O, qeyd edib ki, laboratoriya əməkdaşlarının apardığı tədqiqatların nəticələri ölkəmizdə və xaricdə çap olunan beynəlxalq elmi jurnallarda öz əksini tapıb.
Daha sonra tələbələr TM-3000 elektron mikroskop ilə yaxından tanış olublar.
Sonda alim tələbələrin çoxsaylı suallarını cavablandırıb.